BAKI, 27 oktyabr. TELEQRAF
Bakının Qaradağ rayonunda qonşularının qətlində ittiham olunan 1995-ci il təvəllüdlü Elşən Müzəffərov, onun arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova və sonuncunun qardaşı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.
Vəkili Gülnar Müzəffərovanın barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Bildirib ki, Gülnar Müzəffərova qətldə iştirak etməyib, nə Elşən, nə də Qasım onun iştirakını təsdiq edən ifadə verib.
Digər təqsirləndirilən Elşən Müzəffərovun vəkili isə müvəkkili barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Qasım Xankişiyevin vəkili də müvəkkilinin günahsız olduğunu deyib, onun Qarabağ müharibəsində iştirak etməsinin, azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edib, bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Gülnar Müzəffərov özünü təqsirli bilməyib. Bildirib ki, bu qətldən xəbəri olmayıb, üç azyaşlı uşağı var. Qeyd edib ki, qətlə yetirilən şəxs evinə girib, ona təcavüz edib.
Elşən Müzəffərov da vəkili ilə razı olduğunu bildirib. Digər təqsirləndirilən Qasım Xankişiyev deyib ki, bacısının bu işdə günahı yoxdur, əksinə, o, zərərçəkmişdir.
Daha sonra hakimlər hökm elan ediblər. Elşən Müzəffərov və Qasım Xankişiyev hər biri 16 il 6 ay, Gülnar Müzəffərova 15 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan əvvəlki iclasda prokuror Elşən Müzəffərov və Qasım Xankişiyevin hər birinin 18 il, Gülnar Müzəffərovanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Məlum olub ki, Qasım Xankişiyev və Elşən Müzəffərov Rusiyada olub. Rusiyadan qayıdan Xankişiyev və Müzəffərov Gülnarən qətlə yetirilən Səxavət İsmayılov ilə əlaqədə olmasını biliblər. Qadın yaxınları tərəfindən döyülüb, bundan sonra qadın qonşusu ilə əlaqəsinin olmasını etiraf edib. Əvvəlcə qadına şiddət göstərilib və daha sonra Səxavət İsmayılov qətlə yetirilib.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.