BAKI, 27 oktyabr. TELEQRAF

Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Rusiya vətəndaşı Anton Zayatsa 191 min 500 manata yaxın ziyan dəyib. Sultan Qasımov Rusiya vətəndaşına Sankt-Peterburq şəhərində 6 sot torpaq sahəsini hərrac yolu ilə onun adına keçirəcəyinə dair vəd verib.

İstintaq sənədlərinə görə, Sultan Qasımov digər zərərçəkmiş Rusiyada yaşayan Azərbaycan vətəndaşı Faiq Mikayılovdan 10 min 200 manat alıb. Bunun müqabilində onun Hindistandan gətiridiyi qızıl-zinət əşyalarının gömrük nəzarətindən keçirilməsi məsələsini həll edəcəyini deyib. Amma vədinə əməl etməyib.

Onu da əlavə edək ki, Sultan Qasımov zərərçəkmiş Faiq Mikayılovdan pulun bir qismini cinayətdən xəbərsiz qohumu vasitəsilə Bakı şəhərində alıb və həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləyib.
Daha sonra ittihama münasibət bildirən Qasımov özünü özünü təqsirli bilməyib.
Növbəti proses dekabrın 1-ə təyin edilib.

Qeyd edək ki, sabiq Baş konsul Sultan Qasımovun barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.
Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.
Sultan Qasımovun digər qardaşı Mehman Qasımov 2025-ci ilə ilə kimi Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini işləyib.
Xatırladaq ki, Sultan Qasımovu zərərçəkmiş olan Rusiya vətəndaşını onun qardaşı Mehman Qasımov tanış edib.