.jpg)
BAKI, 7 aprel. TELEQRAF
Bu gün Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in birinci sayının nəşrindən 119 il ötür.
Milli mətbuatımızın ən dəyərli nümunələrindən biri olan dərginin ilk illərdəki sayları Tiflisdə “Şərq” mətbəəsində işıq üzü görüb. Bu mətbəə mədəniyyət tariximizə mühərrir (redaktor-C.B.), mürəttib, aktyor, mollanəsrəddinçi kimi daxil olmuş, Tiflis Azərbaycan teatrının inkişafına da töhfələr vermiş İsmayıl (Həqqi) Həsənzadəyə (1884-1938) məxsus olub.
Jurnalın ilk illərdə nəşr olunan saylarına nəzər salanda redaksiyanın ünvanının Tiflis, Vorontsov küçəsi № 47 kimi göstərildiyini görmək mümkündür. “Şərq” mətbəəsi məhz bu ünvanda yerləşib. Mətbəə ilə yanaşı, bu ünvanda İsmayıl Həqqinin kiçik kitab dükanı da olub.
Vorontsov küçəsi Tbilisinin indiki Qorqasali küçəsidir. Mətbəə və dükanın yerləşdiyi binanın günümüzə qədər gəlib çatıb-çatmadığı müəyyən edilməyib. Amma Tbilisidə İsmayıl Həqqiyə məxsus bir tikili bu gün də mövcuddur. Söhbət onun vaxtilə ailəsi ilə yaşadığı ikimərtəbəli evdən gedir. Bu yalnız ictimai xadimin yaşayış evi olmayıb, Tiflisdə vaxtilə Azərbaycan mədəniyyəti ocağı kimi də tanınıb.
Teleqraf-ın yerli bürosunun əməkdaşı İsmayıl Həqqinin ocağına baş çəkib, bu evdə yaşayan nəvəsi Cəmilə Hacıyeva ilə həmsöhbət olub.
Üç qardaşın 100 min rubla aldığı ev
Öncə onu qeyd edək ki, bəzi mənbələrdə İsmayıl Həqqinin Tiflisdə anadan olduğu bildirilir. Lakin o, İranda doğulub və Tiflisə iki yaşında olarkən ailəsi ilə gəlib.
Həqqinin evi Tbilisinin köhnə, keçmiş Yunan məhəlləsində, Tsalka keçidi 2 ünvanında yerləşir. Cəmilə xanımın xüsusi qayğı ilə qoruyub saxladığı babasına aid sənədlər arasında evlə bağlı alqı-satqı aktından məlum olur ki, tikilini 1919-cu ildə İsmayıl Həqqi qardaşları Əli və Qasımla birgə 100 min rubla alıb. Layihə sənədinə əsasən, tikili 1853-cü ildə inşa olunub. Əli Həsənzadə İsmayıl Həqqinin böyük qardaşı olub. Qasım Həsənzadə isə İkinci Dünya müharibəsinə yollanıb və itkin düşüb. Evdə üç qardaş ailələri ilə birgə yaşayıb.
172 yaşlı evin bu günə qədər gəlib çıxması İsmayıl Həqqinin qız nəvələrinin sayəsində mümkün olub. Cəmilə xanımın sözlərinə görə, 2000-ci illərin əvvəllərində evin bir hissəsi uçaraq dağılıb, amma yaxınlarının dəstəyi ilə baba ocağını bərpa edə bilib. Həmsöhbətim evi qoruyub saxlamağın həm də şərəf məsələsi olduğunu qeyd edib:
“Bu ev babamdan miras qalıb. Tikilini öz gücümüz hesabına bərpa etdirmək asan olmayıb. Evimiz babamın, nənəmin, anamın xatirəsini yaşadır. İsmayıl Həqqi ocağını qoruyub saxlamağa nail olmaq həm də nəvəsi kimi mənəvi borcum idi”.
Evdə ən çox qonaqlanan Cəlil Məmmədquluzadə olub
Tbilisidəki bu köhnə tikili bizim üçün mədəniyyət ocağı kimi də böyük dəyər kəsb edir. İctimai xadim Tiflisdə yaşayıb yaratmış azərbaycanlı ziyalıların əksəriyyəti ilə yaradıcılıq əlaqələri, möhkəm və səmimi dostluq bağlayırdı. Məhz buna görə görkəmli ədəbiyyatşünasımız Əziz Şərif İsmayıl Həqqini “Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sevimlisi, ağsaqqalı, ruhu, vicdanı” adlandırırdı.
Bu evdə kimlər olmayıb? Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, Hüseyn Ərəblinski, Əliqulu Qəmküsar, Seyid Şuşinski və digərləri. Onların iştirakı ilə Həqqi ocağında ədəbi-bədii və musiqili məclislər təşkil olunardı.
Cəmilə xanım İsmayıl Həqqinin həyat yoldaşı, nənəsi Bibixanımın danışdıqlarına əsasən deyib ki, evdə toplaşan Azərbaycanın tanınmış mədəniyyət xadimləri ədəbiyyatımız və maarifimiz barədə fikir mübadiləsi aparardılar. Evdə ən çox qonaqlanan isə böyük ədibimiz Cəlil Məmmədquluzadə olub. İsmayıl Həqqi Mirzə Cəlilin ən sadiq silahdaşlarından idi.
Həmsöhbətim Maestro Niyazinin də bu evə baş çəkdiyini söyləyib:
“Niyazinin anasının əmisi oğlu Muqbil evimizin aşağı mərtəbəsində yaşayırdı. Muqbil bir qızı istəyirdi, amma qızın ailəsi onların evlənməsinə razılıq vermirdi. Elə olub ki, babam elçiliyə gedib və qızın “həri”sini ala bilib. İsmayıl Həqqiyə “yox” deyə bilməmişdilər. Muqbil evlənəndən sonra babam onlara evində yaşayış yeri də verdi. Hətta Muqbili Tiflisdəki Azərbaycan teatrına işə də düzəltdi. Niyazi Tiflisə gələndə qohumuna baş çəkmək üçün evimizə gələrdi”.
“Babam Tiflisdə meydanda türk bayrağını qaldırmışdı”
Nəvəsinin sözlərinə görə, babası pantürkçü olub və yaxın dostları ona həbs olunacağı ilə bağlı dəfələrlə xəbərdarlıq edirdilər:
“Stalinin dövründə babam Tiflisdə meydanda türk bayrağını qaldırmışdı. Ona deyirdilər ki, Tiflisi tərk etsin. Lakin babam söyləyərdi: “Ailəmi necə qoyub gedə bilərəm?” Babam həm də xeyirxah insan olub, çox insana əl tutub. Xatirimdədir, məktəbli yaşlarımda evə gələrkən yolda məni hərdən saxlayıb deyərdilər: “Sən heç bilirsən kimin nəvəsisən?” O zaman 10-12 yaşında idim və babamın kim olduğunu dərk etmirdim. Babam haqqında mənə nənəm danışardı. Evdə nənəm mənə “Molla Nəsrəddin” jurnalından məqalələr oxuyardı". Cəmilə xanım təəssüflə qeyd edir ki, dərginin nüsxələrini qoruyub saxlamaq mümkün olmayıb.
Həqqidən qalan yeganə əşya, repressiyanın izi
İsmayıl Həqqiyə aid olan və günümüzə qədər gəlib çıxan yeganə əşya köhnə şkafdır. Şkafda onun əlyazmaları, tərcümələri, kitab və jurnalları saxlanılırdı. İsmayıl Həqqini evində həbs edərkən dolab möhürlənib, daha sonra içərisindəkilər müsadirə edilib. Qədim ev əşyasının yuxarı sol küncündə həmin möhürün qaralmış bir hissəsi bu gün də qalmaqdadır.
“Nənəm danışardı ki, İsmayıl Həqqini aparmağa gələndə dedilər ki, yarım saata evə dönəcək. Nənəm onun saxlanıldığı həbsxanaya gedirdi və hər gedəndə 100 rubl pul verirdi ki, babama çatdırsınlar. Müəyyən vaxtdan sonra pulu götürmədilər. Ailəsinə bildirdilər ki, Sibirə sürgün olunub. Böyük oğlu Niyaziyə xəbər çatdırmışdılar ki, həbsxanada atasına işgəncələr verilib. Hətta döyülən zaman üzünə zərbələrdən gözlüyü - pensnesi qırılıb, üz-gözü qana boyanıb".
İsmayıl Həqqi 1957-ci ildə bəraət alıb. Bu barədə arayışa əsasən, azərbaycanlı maarifçi “casusluq” və “silahlı üsyan” maddələri üzrə ittiham olunub. SSRİ Xalq Daxili İşlər Komissarlığının fövqəladə iclasının 1938-ci il 28 iyun tarixli qərarı ilə İsmayıl Həqqiyə ən ağır cəza olan güllələnmə verilib. Hökm həmin ilin iyulun 22-də icra olunub. Güllələnmənin harada olduğu bilinməsə də, deyilənlərə görə, İsmayıl Həqqi Tbilisi ətrafında çöllük ərazidə güllələnib və ümumi məzarlıqda dəfn olunub.
Bəraətdən sonra İsmayıl Həqqinin həyat yoldaşı Bibixanıma cüzi məbləğdə pensiya ilə təyin edilib. Cəmilə xanımın sözlərinə görə, nənəsi həmin pulu babasının xatirəsinə ehsan üçün sərf edirdi.
İsmayıl Həqqiyə aid arxiv materiallar arasında bir nadir fotoşəkil də diqqət çəkir. Bu, böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin Tiflisdə çəkilən fotosudur. Məlumdur ki, İsmayıl Həqqi 1930-cu illərdə şair haqqında xatirələrini yazaraq dərc etdirib. İsmayıl Həqqi, həmçinin Mirzə Ələkbər Sabir müalicə üçün Tiflisdə olarkən onun qulluğunda dayananlardan biri olub.
Həqqinin Sabir haqqında xatirələrindən:
“...Sevdiyi “Molla Nəsrəddin” idarəsində yaşaması da ona yaxşı təsir bağışlayırdı. İdarədə olan adamlar və gələn qonaqlar hamısı ona bir ata kimi baxırdılar, məhəbbət bəsləyirdilər. Hətta o, şəhərə çıxmaq istədikdə hamımız onun paltosunu və əl ağacını tutmaq istərdik, bunun üzərində bir-birimizlə çəkişərdik, axırda qayda qoyduq ki, hər gün birimiz onun paltosunu tutub, ağacını hazırlayaq”.
“Babamın xatirəsinin əbədiləşdirilməsini çox arzulayırıq”
İsmayıl Həqqinin yaşayıb yaratdığı Tbilisidə xatirəsinin əbədiləşdirilməsi mümkün olsa da, təəssüflər ki, bu istiqamətdə bu günədək heç bir addım atılmayıb. Həqqinin xatirəsinin əbədiləşdirilməsi onun nəslinin davamçılarının da arzusudur. Cəmilə xanımın sözlərinə görə, ailəsi bu istiqamətdə tələb olunan fəaliyyəti göstərə bilməyib:
“Bizə dedilər ki, evə xatirə lövhəsinin vurulması üçün Tbilisi Şəhər Şurasına azərbaycanlı icmanın adından müraciət olunmalıdır. Artıq yaşlanmışam, evin bərpası, qorunub saxlanması çox vaxt və zəhmət apardı. Babamın xatirəsinin əbədiləşdirilməsinə nail olmaq üçün aktiv fəaliyyət tələb olunur. Təəssüf ki, artıq sağlamlığım buna imkan vermir. Amma ailəlikcə babamın xatirəsinin əbədiləşdirilməsini çox arzulayırıq”.
İsmayıl Həqqinin mətbuat və mədəniyyət tariximizdəki böyük xidmətləri unudulmamalıdır. Onun xatirəsini əbədiləşdirmək bizim borcumuzdur. Bu borcumuzu yerinə yetirmək üçün zaman çoxdan yetişib. Tbilisidə yaşadığı evə barelyefin vurulması İsmayıl Həqqinin xidmətlərinə verdiyimiz böyük dəyərin və xatirəsinə ehtiramımızın ən yaxşı ifadəsi olardı.
Xatirə lövhəsindəki yazıya həmin evdə qonaq olmuş görkəmli azərbaycanlıların ad-soyadları da əlavə edilə bilər. Lövhə önündə İsmayıl Həqqinin xatirəsi hər anılanda mədəniyyət fədailərimizin, repressiya qurbanı olmuş digər qələm sahiblərimizin də əziz xatirələri yad edilmiş olar.
Qeyd edək ki, İsmayıl Həqqinin 7 uşağı olub. Onun repressiya qurbanı olması övladlarının və nəvələrinin talelərinə təsirsiz ötüşməyib. Hətta oğlu Ömər Həqqi 1950-ci ilin əvvəllərində Qazaxıstana sürgün olunub. Görkəmli ictimai xadimin ailəsi haqqında daha ətraflı növbəti yazıda söz açılacaq.
Ardı var