BAKI, 23 noyabr. TELEQRAF

Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin ikinci mərhələsi ilkin texniki layihələndirmə, texniki spesifikasiyaların hazırlanması, eləcə də icra planı və satınalma strategiyasının müəyyənləşdirilməsini əhatə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ikinci iş paketi (Workstream 2) iki əsas hissədən ibarət olacaq:

“Birinci hissədə layihənin ilkin texniki layihələndirilməsi və texniki spesifikasiyalar hazırlanacaq. Bu çərçivədə istismar tələbləri, təhlükəsizlik və inteqrasiya ehtiyacları, həmçinin gələcək tenderlər üçün mühəndislik əsasları müəyyənləşdiriləcək.

İkinci hissə isə layihənin icra planı və satınalma strategiyasının hazırlanmasını nəzərdə tutur. Bu istiqamətdə işlər üç əsas xətt üzrə aparılacaq. Bunlar Azərbaycan-Gürcüstan elektrik ötürmə dəhlizi, Gürcüstan-Rumıniya arasında sualtı yüksək gərginlikli sabit cərəyan (HVDC) kabel xətti və Rumıniya-Macarıstan quru elektrik ötürmə xəttidir”.

R. Hümbətova əlavə edib ki, bu mərhələdə müqavilə paketləri, layihənin icra qrafiki, satınalma yanaşması və risklərin idarə edilməsi mexanizmləri də müəyyənləşdiriləcək.

Layihə üzrə yekun investisiya qərarının 2029-cu ilin sonunadək qəbul edilməsi gözlənilir.