BAKI, 23 noyabr. TELEQRAF

Azərbaycanda geotermal enerji potensialının üzə çıxarılması əsas hədəflərimizdən biridir. Energetika Nazirliyi, Azərbaycan hökuməti və İqtisadiyyat Nazirliyi yaxın vaxtlarda bu sahədə müəyyən mexanizmlərin hazırlanmasına başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-presidenti Əfqan İsayev Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin mexanizmlərin geotermal enerji sektorunda risklərin azaldılmasına kömək edəcək:

"Beynəlxalq Geotermal Agentliyi və tərəfdaşlarla apardığımız müzakirələr göstərir ki, layihələrin real icrasına başlamazdan əvvəl məhz belə mexanizmlərin yaradılması vacibdir.

"Schlumberger" kimi tərəfdaşlarımızla birlikdə işğaldan azad edilmiş ərazilərlə bağlı ilkin masaüstü tədqiqatlar aparmışıq. “Baker Hughes” şirkəti ilə isə Naftalan ərazisini araşdırırıq. Bu ərazilərdə həm elektrik enerjisi istehsalı, həm də istilik təchizatı məqsədilə istifadə oluna biləcək kifayət qədər böyük potensial mövcuddur.

Hazırda bu iki istiqamət üzrə layihələrin hazırlanmasına və inşasına gələn ildən başlamaq üçün geotermal enerji və istilik texnologiyaları sahəsində təcrübəsi olan, layihələrə kapital yatırmağa hazır tərəfdaşlar axtarırıq”.