BAKI, 3 iyul. TELEQRAF

Teatr Xadimləri İttifaqının rəhbəri, Xalq artisti Hacı İsmayılov Teleqraf İnformasiya Agentliyininin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Hacı müəllim, teatr mövsümü yekunlaşmaq üzrədir. Mövsümü necə dəyərləndirirsiniz? Teatr Xadimləri İttifaqının həyata keçirdiyi layihələr, əldə olunan nəticələr, qarşıda duran əsas hədəflər barədə nə deyə bilərsiniz?

- Teatr mövsümü artıq başa çatdı. Ötən ayın sonunda axırıncı tamaşalarını nümayiş etdirən sənət ocaqlarımız yeni mövsümə qədər tamaşaçılarla vidalaşdılar. Teatr Xadimləri İttifaqı isə fəaliyyətini davam etdirir.

Ümumiyyətlə, son üç-dörd il ərzində Azərbaycan teatrında ciddi canlanma müşahidə olunur. Bu proses Teatr Xadimləri İttifaqının həyata keçirdiyi "Qonaq Teatr" layihəsi ilə başladı. Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 8-9 teatr kollektivi Bakıya dəvət olundu və hər biri paytaxtda tamaşa təqdim etdi. Tamaşalar İttifaqın böyük səhnəsində nümayiş olunurdu.

Layihəyə xarici teatr kollektivlərini də cəlb etmək qərarı verəndən sonra Türkiyənin Trabzon Sənət Teatrı və Antalya Böyükşəhər Bələdiyyə Teatrı da Bakıya təşrif buyurdu. Beləliklə, həm bölgə teatrları, həm də qardaş Türkiyənin teatr kollektivləri ilə əməkdaşlıq əlaqələri quruldu. Bundan başqa, Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən iki Azərbaycan teatrı - Tbilisidən Heydər Əliyev adına Azərbaycan Dram Teatrı və Dərbənd Azərbaycan Dövlət Dram Teatrı da mütəmadi dəvət olunurlar. İmkan olanda Teatr Xadimləri İttifaqında, son dövrlərdə isə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tamaşalar nümayiş etdirirlər.

Bu gün artıq görürük ki, teatrlar arasında qarşılıqlı əməkdaşlıq formalaşıb. Əvvəllər bu prosesi əsasən Teatr Xadimləri İttifaqı koordinasiya edirdisə, indi buna ehtiyac qalmayıb. Çünki teatrlar artıq öz aralarında birbaşa əlaqə yaradır, qastrol səfərləri və birgə layihələr həyata keçirirlər. Bu da Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfə verir.

Azərbaycan teatrının çox zəngin və qədim tarixi var. Bu il ölkəmizdə 152-ci teatr mövsümü keçirilir. Hər il martın 10-u Milli Teatr Günü qeyd olunur. Əvvəllər bu tədbiri Teatr Xadimləri İttifaqında keçirirdik. Lakin son iki ildə səhnənin təmirdə olması səbəbindən tədbir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilir. Teatrda çalışan insanlar fədailərdir. Müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev teatra hər zaman böyük dəyər verib. Ulu öndərin belə bir sözü var: "Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər..."

Bu ənənədən çıxış edərək hər il yubileyi olan və il ərzində teatr sənətinin inkişafında xidmətləri ilə seçilən sənət adamlarını müxtəlif mükafatlarla təltif edirik. Onlardan biri Fəxri Fərmandır. Son illər isə yeni mükafatlarımız da təsis olunub. Yubileyi qeyd olunan aktrisalara "Qızılgül" mükafatı təqdim edilir. Teatr sahəsində çalışan insanların sayı çoxdur və onların əməyi daim qiymətləndirilməlidir.

Keçən ildən etibarən uzun müddət diqqətdən kənarda qalan sənət adamlarını, eləcə də Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən xalq teatrlarının rəhbərlərini "Teatr fədaisi" medalı ilə təltif edirik. Bundan əlavə, sənətdə böyük uğurlara və yüksək aktyor sənətinə görə təqdim olunan "Qızıl Dərviş" mükafatını da yenidən bərpa etmişik.

- Yeri gəlmişkən, "Qızıl Dərviş" mükafatının təqdimində hansı meyarlar əsas götürülür? Əvvəllər bu mükafatla bağlı müəyyən narazılıqlar da olub. Bu kimi halları nəzərə alırsınızmı?

- "Qızıl Dərviş"lə bağlı ciddi narazılıq olmayıb. Mükafat təxminən beş-altı il əvvələ qədər təqdim edilirdi. Əvvəllər ən yaxşı tamaşaya və ən yaxşı aktyor oyununa verilirdi. Biz ötən il "Qızıl Dərviş" mükafatını ilin ən yaxşı tamaşası seçilən Şəki Dövlət Dram Teatrının Bəxtiyar Vahabzadənin yubileyi münasibətilə hazırladığı "Dar ağacı" tamaşasına təqdim etdik.

Sonra qərara gəldik ki, ilin ən yaxşı aktyoru və aktrisası nominasiyaları üzrə də bu mükafatı verək. Həmin mükafatlara Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev, Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zəminə Cədərova layiq görüldülər.

Nominasiyaların sayı artdıqca hər kəs mükafatı almaq istəyir. Bu isə mümkün deyil. Ona görə qərara gəldik ki, "Qızıl Dərviş" mükafatı ildə yalnız bir dəfə, yalnız ilin ən yaxşı tamaşasına təqdim olunsun. Hazırda İttifaqın müxtəlif mükafatları var: Fəxri fərman, "Qızılgül", "Qızıl Dərviş", "Sənət fədaisi" mükafatları və "Sənətkar" medalı.

"Sənətkar" medalı yubiley yaşına çatmış, xüsusi uğurları olan sənət adamlarına təqdim olunur.

- Maraqlıdır, siz özünüz bu mükafatlardan hansılara layiq görülmüsünüz?

- "Qızıl Dərviş"i almışam, "Mənim sevimli dəlim" tamaşasına görə bu mükafata layiq görülmüşdüm. Onda Teatr Xadimləri İttifaqının rəhbəri Həsənağa Turabov idi. Bizə "Qızıl Dərviş" mükafatının vəsiqəsini verdilər, amma mükafatın özünü görmədik (gülür)...

Çoxları çalışır ki, "Sənətkar" medalını alsın. Mən bu medala 70 yaşımda layiq görülmüşəm. İstərdim ki, bütün sənət adamları bu mükafatın sevincini yaşasınlar. Elələri də olur, 50-55 yaşında gəlib deyir ki, mənə "Sənətkar" medalı verin. Baxırsan, sənətdə elə bir ciddi fəaliyyəti, xüsusi xidməti olmayıb. Bu məsələdə bəzən anlaşılmazlıqlar yaranır.

Çalışırıq ki, üzərimizə düşən vəzifəni layiqincə icra edək. Teatr Xadimləri İttifaqının nizamnaməsində də göstərilib ki, qurum Azərbaycanda teatr sənətinin inkişafına dəstək verir. Bizdən yuxarı təşkilat isə Mədəniyyət Nazirliyidir və teatrların taleyi ilə bağlı əsas qərarları onlar qəbul edirlər.

Mədəniyyətimizin inkişafı ilə bağlı "Azərbaycan Mədəniyyəti-2040" Konsepsiyasına uyğun olaraq teatrlarda idarəetmə sistemi dəyişir, səlahiyyət bölgüsü və münasibətlər yeni mərhələyə keçir. Məsələn, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vardısa, indi o post ləğv edilib, teatr gənc rejissorları dəvət edir, tamaşaları onlara həvalə edir. Bununla gənc rejissorlara öz istedadlarını və yaradıcılıq potensiallarını nümayiş etdirmək üçün yeni imkanlar yaradılır.


- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırkı fəaliyyətini necə qiymətləndirirsiniz? Bir müddət əvvəl bəzi söz-söhbətlər oldu.

- Əvvəla qeyd edim ki, teatr sənəti çox mürəkkəb prosesdir. Teatr elə bir strukturdur ki, orada hamını razı salmaq, hər kəs üçün eyni şəraiti yaratmaq mümkün olmur. Aktrisa və ya aktyora rol onun istedadına, yaradıcılıq imkanlarına uyğun verilir. Bununla belə, teatrlarda həmişə intriqalar, narazılıqlar olub, bu gün də var və yəqin gələcəkdə də olacaq. Bəzi aktyorlar özləri haqqında həddindən artıq yüksək fikirdə olurlar. Elə düşünürlər ki, onların əvəzi yoxdur. Əlbəttə, belə hallarda intriqalar daha da alovlanır.

Teatr Xadimləri İttifaqı çalışır ki, bu cür məsələlər imkan daxilində öz həllini tapsın. Bununla belə, teatrların daxili işlərinə qarışmırıq. Biz ictimai təşkilatıq, dövlət qurumunun fəaliyyətinə müdaxilə etməyimiz doğru olmaz. İstəməzdim, teatrlarda söz-söhbət və qalmaqallar çox olsun. Bu, teatr sənətinin ruhuna uyğun deyil. Çalışmaq lazımdır ki, bütün problemlər sağlam şəkildə həll olunsun.

Bəzən teatr işçiləri bizə müraciət edirlər ki, uzun illərdir teatrdadırlar, amma onlara kifayət qədər diqqət göstərilmir. Soruşanda məlum olur ki, yaşı ya 55-dir, ya 57, yaxud 61-i təzə keçib... Teatr Xadimləri İttifaqında belə bir qayda var: il ərzində yubileyi olan sənət adamlarına tədbir təşkil olunur. Amma elələri də olur ki, nə yubiley yaşıdı, nə hər hansı xüsusi yaradıcılıq uğurları var, amma mükafat və ya təltif gözləyir.

Bizdən narazılıq olanda insanlarla söhbət edir, vəziyyəti izahlamağa çalışırıq. Ümumiyyətlə, teatr adamları həssas və kövrək insanlardır, onlarla incə davranmaq lazımdır. Mən özüm heç vaxt intriqalara qarışmamışam, bunu doğru da hesab etmirəm. Mənə görə, aktyor ilk növbədə öz sənəti və işi ilə məşğul olmalı, intriqa və digər kənar məsələlərə baş qoşmamalıdır. Çünki bu cür problemlər teatrın inkişafına mane olur.

Arzu edərdim ki, belə hadisələr ümumiyyətlə baş verməsin. Reallıqsa budur ki, teatr mühitində inciklik və narazılıqlar həmişə olub, yəqin bundan sonra da olacaq.


- Bəs siz özünüz teatrda haqsızlığa məruz qalmısınızmı?

- 1970-ci ildən, Mustafa Mərdanovun vaxtından Teatr Xadimləri İttifaqının üzvüyəm. Mən İrəvan Teatrında işləyəndə Teatr Cəmiyyətinə qəbul etmişdilər. Gənc aktyor idim, sevinirdim ki, teatr cəmiyyətinin üzvüyəm.

Onda məni bəzi tədbirlərə dəvət edir, çoxuna isə dəvət etmirdilər. Amma bundan heç vaxt incimirdim. Ümumiyyətlə, mən iddialı adam deyiləm. Dəvət edirdilərsə, gedirdim, etmirdilərsə, öz işimlə məşğul olurdum.

Amma indi insanlar daha tələbkar olublar. Dəvət olunmayanda bunu özlərinə qarşı hörmətsizlik əlaməti sayırlar. Mənim isə teatrdan heç vaxt incikliyim olmayıb. Çünki aktyor kimi əvvəldən belə düşünmüşəm: mənə ehtiyac varsa, rol təklif edəcəklər, yoxdursa, verməyəcəklər. Məsələn, o vaxt teatrda bir rejissor var idi. Düz on il mənə öz tamaşalarında rol vermədi. Mən ondan nə teatr rəhbərliyinə şikayət etdim, nə də başqa ünvana. Düşünürdüm ki, o, məni aktyor kimi öz tamaşalarında görmür, niyə şikayət etməli və ya ona qarşı düşmən münasibəti bəsləməliyəm? Əksinə, yeni tamaşasının təqdimatı olanda gedib onu təbrik edir, xoş münasibət göstərirdim.

Mənə elə gəlir, teatrda münasibətlər belə olmalıdır. Bəzi adamlar teatrdan həddindən artıq çox şey gözləyir, elə hesab edirlər ki, onlara çox şey verilməlidir. Halbuki elə deyil. Hətta ailə üzvləri arasında da müəyyən münaqişələr, anlaşılmazlıqlar yaranır. Bu o demək deyil ki, ailə dağılmalıdır.

- Yaradıcılığınız həm teatr səhnəsini, həm də kino sahəsini əhatə edib. Bu iki sənət məkanını müqayisə etsəniz, hansında özünüzü daha rahat ifadə etdiyinizi və hansı mühitin sizə daha doğma olduğunu qeyd edərsiniz?

- Mənim yaradıcılığımı üç dövrə bölmək olar: teatr, kino və televiziya fəaliyyəti. Bu mərhələlər bir-birinə qarışmayıb. Teatrda çalışdığım illərdə nə kinoda çəkilmişəm, nə də televiziyada fəaliyyət göstərmişəm. Sonra kino dövrüm başlayıb, ondan sonra isə televiziya fəaliyyətim.

Düşünürəm ki, aktyor kimi xoşbəxt insanam. Çünki həm teatr səhnəsində çalışmaq, həm kinoya çəkilmək, həm də televiziya tamaşalarında rol almaq mənə nəsib olub. Bəzən fikirləşirəm ki, televiziya tamaşalarında canlandırdığım rolları nə teatrda, nə də kinoda oynaya bilərdim. Eyni şəkildə, kinoda yaratdığım obrazları da nə teatrda, nə də televiziyada təqdim etmək mümkün olardı.

Bunlar aktyor sənətinin üç fərqli istiqamətidir və bir-birini tamamlayır. Xoşbəxtəm ki, hər üçünü yaşamaq mənə qismət oldu. Elə aktyorlar var ki, teatrda böyük uğur qazanırlar, amma kinoda və ya televiziya tamaşalarında eyni uğuru əldə edə bilmirlər. Mənim üçün isə bu, aktyor kimi ən böyük xoşbəxtliklərdən biridir.


- Tamaşaçılar sizi daha çox Mustafa obrazı ilə tanıyıb sevdi. Bəs özünüz üçün və ya yaradıcılığınız baxımından ən dəyərli hesab etdiyiniz obrazınız hansıdır?

- Bu sənətin bir xüsusiyyəti var, aktyor öz ampluasını özü müəyyənləşdirə bilmir. Mənim aktyor kimi tanınmağım daha çox kino ilə bağlıdır. Azərbaycan kinosunun görkəmli rejissoru Rasim Ocaqov məni 1976-cı ildə "Ad günü" filminə dəvət etdi. Sonradan onun beş filmində çəkildim. Bu filmlər sırasında "Yol əhvalatı", "Həm ziyarət, həm ticarət" və digər ekran əsərləri var. Ümumilikdə isə 20-yə yaxın filmdə rol almışam.

Bu filmlərin hər biri uğurlu alındı. İndi onlara baxanda düşünürəm ki, nə yaxşı, vaxtilə həmin filmlərə çəkilmişəm. Məncə, kino aktyora daha geniş şöhrət qazandıra bilir. Hər bir sənətin - istər kinonun, istərsə teatrın - həm böhran, həm də intibah dövrü olur. Ulu öndər Heydər Əliyevin çox gözəl bir sözü var: "Azərbaycan kinosu Azərbaycan xalqının salnaməsidir." Həqiqətən də, bir xalqın mədəni, mənəvi və əxlaqi dəyərlərini öyrənmək istəyirsinizsə, onun filmlərinə baxmaq kifayətdir.

Azərbaycan kinosunun böyük və zəngin tarixi var. Xüsusilə 1950-ci illərdən 1990-cı illərə qədər olan dövr Azərbaycan kinosunun intibah epoxası hesab oluna bilər. Həmin illərdə çox dəyərli filmlər çəkildi, görkəmli rejissorlar yetişdi. Əksəriyyəti Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib vətənə qayıtmışdı.

O vaxt kinostudiya tam gücü ilə fəaliyyət göstərirdi, burada 2 mindən çox əməkdaş çalışırdı. Hər il beş-altı film istehsal olunurdu. Rejissorlar arasında sağlam yaradıcılıq rəqabəti vardı və hər kəs daha yaxşı film çəkməyə çalışırdı. İmkanlar da geniş idi. Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov, Rasim İsmayılov və digər istedadlı rejissorlar Azərbaycan kinosuna böyük töhfələr verdilər.

Biz "Bəyin oğurlanması" və "Yol əhvalatı" filmlərinə çəkiləndə təsəvvür etmirdik ki, onların taleyi necə olacaq... Hətta düşünürdük ki, həmin dövrdə çəkilən digər filmlərlə müqayisədə bir qədər zəif görünə bilərlər. Amma zamanla bu iki film Azərbaycan tamaşaçısının ən çox sevdiyi və dönə-dönə baxdığı ekran əsərlərinə çevrildi.

El arasında belə bir deyim var: "Su gələn arxa bir də gələr". Mən inanıram ki, Azərbaycan kinosu bu gün də inkişaf edir. Yaxşı filmlər çəkilir və bu sahəyə dövlət tərəfindən diqqət göstərilir. Heydər Əliyev Fondu da Azərbaycan kinosunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirir. Kinonu teatrdan fərqləndirən əsas cəhətlərdən biri maliyyə məsələsidir. Teatr nisbətən az maliyyə tələb edir, kino isə əksinə.

- Bu gün 82 yaşınızda geriyə baxanda, hələ də canlandırmaq istədiyiniz obraz varmı?

- Düzünü desəm, artıq arzu etdiyim xüsusi bir obraz yoxdur. Vaxtilə arzuladığım rolların çoxunu oynamışam. "Ad günü" filmində Mustafa obrazını yaratdım, teatr səhnəsində isə bir çox baş qəhrəmanları canlandırdım. Əgər bundan sonra maraqlı film təklifləri olsa, əlbəttə, onları dəyərləndirərəm. Amma seriallarda çəkilməyi düşünmürəm. Teatrda çoxlu rollar ifa etmişəm və hazırda da yeddi tamaşada rol alıram. Mənə elə gəlir ki, bu mənim üçün kifayətdir.

İndi ən böyük arzum sağlam olmaqdır. Allaha şükür edirəm. Açığı, heç təsəvvür etməzdim ki, bu qədər uzun ömür yaşayacam. Uzunömürlülüyün sirri, yəqin ki, bir qədər genetikdir. Atam 94, anam isə 84 il ömür sürüb. Bizim ailədə uzunömürlülük irsidir. Gənclik illərində idmanla ciddi məşğul olmuşam. Əgər aktyor olmasaydım, yəqin ki, yaxşı futbolşu, xüsusilə qapıçı olardım. İdmanın bir çox növləri ilə məşğul olmuşam və bunun da sağlamlığıma müsbət təsiri olub.

Bu gün özüm üçün ən böyük arzum odur ki, Allah mənə bir neçə il də ömür versin, insanlara yaxşılıq edə bilim. Elə yaşamaq istəyirəm ki, bir gün bu dünyadan köçəndən sonra insanlar mənim haqqımda "Allah rəhmət eləsin, yaxşı adam idi" desinlər...

FOTO: Elnur Muxtar