BAKI, 17 aprel. TELEQRAF

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulub.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə İğdırda yaradılan “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının ilk səhnə işi böyük dramaturqun eyni adlı əsəri əsasında hazırlanmış “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası olub.

Tamaşanın təqdimatı İğdır Mədəniyyət Mərkəzində baş tutub.

Tədbirdə İğdır valiliyi, Azərbaycanın Qars şəhərində fəaliyyət göstərən Baş konsulluğun, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, yerli ictimaiyyət, azərbaycanlılar iştirak ediblər.

Tamaşanın primyerasında çıxış edən quruluşçu rejissor, Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı haqqında danışaraq, həm iki ölkə dostluğu, bölgənin mədəni həyatına töhfə verməklə yanaşı, həm də gələcəkdə qardaşlığımızı, habelə Azərbaycan yazarlarının əsərlərinin səhnələşdirməkdə yeni imkanlar açacağını bildirib.

Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino xadimi Cahangir Novruzov bu hadisənin böyük mədəni hadisə adlandırıb.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə əsəri Türkiyə türkcəsinə Xalq artisti Cahangir Novruzov çevirib. 1850-ci ildə qələmə alınmış bu klassik komediya cəhalətin və savadsızlığın tənqidi, elmin və maarifin insan həyatındakı rolu, Şərq və Qərb dünyagörüşlərinin toqquşması kimi aktual mövzuları satira və yumor vasitəsilə tamaşaçıya çatdırır. Rollarda Atilla Osman Kırlak, Aminə Günəş, Harun Turan, Fatma Zəhra Kılıç, Mustafa Ali Alkoç, Emre Nur Aydın, Rabia Özel, Emre Güven, Melik Emre Parlar, Serhat Dere, Əhməd Kılıc oynayıb.

Əsər İğdırla yanaşı Kars, Ardahan və Ankara şəhərlərində teatr səhnəsində nümayiş etdiriləcək.