Əməkdar artist Dilarə Əliyeva Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Dilarə xanım, 2025-ci ili yaradıcılıq karyeranız üçün yəqin ki, uğurlu il saymaq olar. Heydər Əliyev Sarayında "Stand-up" konsertiniz, İstanbuldakı "Mintonasiya” "Stand-up" şounuz ötən ilin əsas hadisələri sırasında yer aldı. Qarşıda hansı planlarınız var?
- Buna plan yox, arzular deyək. Bu il ən böyük istəyim stand-up proqramımı Bakı Konqres Mərkəzində təqdim etməkdir. Hələlik arzu şəklindədir. Müəyyən hazırlıq işləri gedir, qərarı tam hazır olduğumu hiss etdiyim anda verəcəm. Bundan əlavə, ölkəmizin əlamətdar günləri ilə bağlı bir sıra mühüm layihələr həyata keçirmişik.
“Səma qurbanları” mövzusunda süni intellekt texnologiyası ilə hazırlanmış film böyük rezonans doğurdu və bir çox televiziya kanallarında yayımlandı. Hazırda 20 Yanvar faciəsinə həsr olunan yeni bir film üzərində çalışırıq. İnşallah, onun təqdimatını yanvarın 19-da Nizami Kino Mərkəzində keçirməyi planlaşdırırıq. “Səma qurbanları” və "Nənəyə məktub" filmlərinin ssenarisi Fariz Əliyevə aiddir. Bu layihələrdə süni intellekt sahəsində peşəkar mütəxəssis Sarvan Hüseynlə əməkdaşlıq edirik. Keçən il “Soy Production” çərçivəsində 8 fevral Beynəlxalq Nənələr və Babalar Günü münasibətilə "Nənəyə məktub" adlı 7 dəqiqəlik qısa film hazırlamışdıq. Filmi Azər Zeynalovun oğullar, İsmayıl və Kənan çəkmişdi. Bu o qədər uğurlu iş oldu ki, davam etdirməyi düşündük.
Bu il isə babaya həsr olunan yeni film çəkmişik, fevralın 8-də Beynəlxalq Nənələr və Babalar Günü münasibətilə geniş tamaşaçı kütləsinə təqdim olunacaq, rəsmi təqdimat isə fevralın 4-də baş tutacaq. Xalq artisti Afaq Bəşirqızı ilə birgə çalışdığımız “İştə məhəbbət macərası” tamaşaçılar tərəfindən sevgi ilə izlənilir.
- İstanbuldakı "Stand-up" çıxışınızdan sonra Türkiyədən yeni əməkdaşlıq və ya layihə təklifləri aldınızmı?
- Türkiyədən gözlənilməz və fərqli bir təklif gəldi. Bu, daha çox sənət yönümlü layihədir. İnşallah, mart ayında reallaşması nəzərdə tutulur. Keçən il İstanbulda iki dəfə stand-up konsertim oldu. Bu dəfə isə layihə stand-up formatında deyil.
- Türkiyənin məşhur stand-up komediyaçısı Cem Yılmazla sizi eyni səhnədə görə bilərikmi?
- Cem Yılmazla Bakıda tanış olduq. Onu nə qədər çox sevdiyimi özünə söylədim. Mənim stand-up fəaliyyətim haqqında Cem Yılmaza məlumat verildi və o, bildirdi ki, növbəti dəfə İstanbulda stand-up proqramım olarsa, mütləq onu dəvət edim, məmnuniyyətlə gələr. Aramızda çox səmimi və yaxşı münasibət formalaşdı. Mən inanıram ki, gələcək.
Hər şey ola bilər, amma stand-up bir nəfərlik janrdır. Səhnədə tək olub tamaşaçı ilə birbaşa dialoq qurmağı bacarmalısan. Ən yaxşı halda mən onun stand-upında tamaşaçı ola bilərəm, o da mənimkində. Bu əməkdaşlıq yalnız ekran işi formatında mümkün ola bilər. Ümid edək ki, belə bir layihə reallaşacaq.
- Gələcəkdə yaradıcılıqla bağlı Türkiyədən təkliflər olsa, oraya köçməyiniz mümkündürmü?
- Hər şey ola bilər... Əgər maraqlı, keyfiyyətli və mənim yaradıcılıq dünyama uyğun layihələr olsa, təbii ki, müvəqqəti Türkiyədə yaşamaq və tez-tez gedib-gəlmək variantları mümkündür.
- ABŞ-nin "Harper’s Bazaar" jurnalının İsveç bürosu sizdən müsahibə almışdı. Müsahibə ideyası necə yarandı?
- Norveçdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi məni Zəfər Bayramı ərəfəsində Osloya dəvət etdi. Oradakı tədbirdə həm monoloq söylədim, həm də stand-up çıxışı etdim. Tədbirə İsveçdən də qonaqlar dəvət olunmuşdu. Azərbaycan icmasının nümayəndələri məni onlara təqdim etdilər. Qonaqlar çıxışımı canlı şəkildə izlədilər və böyük maraq göstərdiklərini bildirdilər.
Monoloq zamanı tamaşaçılar duyğulandılar, stand-up hissəsində isə gülməkdən göz yaşlarını saxlaya bilmədilər. Bir aktrisanın həm dramatik, həm də komik janrda çıxışını çox yüksək qiymətləndirdilər. Bu tanışlıqdan sonra "Harper’s Bazaar" nümayəndələri haqqımda material hazırlamaq fikrinə düşdülər.
Açığı, jurnalın üz qabığında olacağım ağlıma gəlmirdi. Suallar mənə elektron poçt vasitəsilə göndərildi və proses bu şəkildə başladı. Bu, təkcə mənim üçün yox, ümumilikdə Azərbaycan üçün qürur mənbəyidir. Maraqlıdır ki, hətta Türkiyədə belə "Harper’s Bazaar" jurnalının üz qabığında yer alan tanınmış yoxdur.
Mən jurnal əməkdaşlarına bildirdim ki, bu proses mənimlə məhdudlaşmamalıdır, Azərbaycanın beynəlxalq arenada təmsil oluna biləcək çox dəyərli sənətkarları var.
- Oqtay Əliyevdən sonra “Soy Production”da həm yaradıcı, həm də idarəetmə məsuliyyətini üzərinizə götürdünüz...
- Oqtaydan sonra bu yol ilk olaraq həftəsonu yayımlanan, mədəniyyət xəbərləri ilə gündəmə gələn bir layihə ilə başladı. Verilişdə “Pıç-pıç” adlı rubrikamız vardı və məqsədimiz mədəniyyət xəbərlərini fərqli, maraqlı və peşəkar şəkildə təqdim etmək idi. Bu layihəni "Soy Production" və aparıcı Kazım Sübhani ilə birgə həyata keçirdik.
Baş verən məlum hadisədən sonra bir çoxları mənə deyir ki, daha çox uğurun var, daha böyük addımlar atırsan. Bilirsiniz, bu niyə baş verir? Oqtay Əliyev sağlığında bu işlərin öhdəsindən özü gəlirdi. Onunun itkisindən sonra anladım ki, onu geri qaytarmaq mümkün deyil. Bu gün əlimdən gələn yeganə şey Oqtayın ruhunu şad etməkdir. Əldə etdiyim uğurlar, gəldiyim nöqtə əslində əvvəlki Dilarəni yenidən bərpa etmək cəhdidir.
Oqtayın sevdiyi Dilarə hər zaman gülən, danışan, susmayan, enerjili biri idi. Bir anlıq sakit otursam, dərhal soruşurdu, nə olub? Axı, mən 24 saat eyni tempdə ola bilmərəm. Hətta məclislərdə belə dərhal deyirdi, dur, oyna.
Oqtay zahirən ciddi, qaşqabaqlı biri idi, insanlar ondan çəkinirdi. Halbuki o, səssiz, içinə qapanıq insanlardan heç vaxt xoşlanmazdı. Oqtayın məndə ən çox sevdiyi xüsusiyyətlərdən biri özümü sevməyim, baxımlı olmağım və işimdə uğur qazanmağım idi. Hər zaman işlərimlə qürur duyurdu, amma bunu üzümə deməzdi…
Bəzən görürdüm, çıxışlarımdan olan videoları dostlarımıza göndərir. Sonradan özümə deyirdilər ki, necə gözəl danışmısan. Soruşurdum ki, bunu haradan bilirsiniz? Demək ki, bu, ilk dəfə deyilmiş. Oqtay mənim monoloqlarımı, çıxışlarımı, zarafatlarımı hamı ilə paylaşırdı. Amma mənə gələndə danlayırdı ki, bunu daha yaxşı edə bilərdin.
Bu gün həmin Dilarəni bərpa etməklə, daha güclü və uğurlu işlər ortaya qoymaqla "Soy Production"un adını müxtəlif peşəkar dairələrdə tanıdırıq.

- Oqtay Əliyevin hansı xarakterindən daha çox çəkinirdiniz?
- Düşünürdüm indi məni danlayacaq... Başqaları çıxışıma heyran olanda Oqtay deyirdi ki, yox, filan şeydə qüsur vardı. Həmişə tənqid edərdi. Onun yanaşması belə idi: tənqid olsun ki, inkişaf edəsən, özündən razı qalmayasan, yerində saymasan.
İzah edə bilmirdim ki, Oqtay, mənim heç vaxt tərifdən başım gicəllənmir. Əksinə, özümə qarşı sevgi, tərif görəndə, üzərimdə daha çox işləyirəm.
- Bu gün Oqtay Əliyev sağ olsaydı, sizcə, hansı uğurlarınızı daha çox vurğulayardı?
- Çox işlərimlə qürur duyardı. Stand-up çıxışlarımla, dərgi layihələri və verilişlərimlə fəxr edərdi. Nəinki qürur duyar, hətta yanımda olar və deyərdi ki, bunu belə et, buranı dəyiş. Köməyini əsirgəməzdi.
Hansısa efirə dəvət alıb, orada qəhərləndiyim zaman qayınanam zəng vurub deyir ki, efirdə ağlama. Anası da Oqtay kimi həmişə dimdik, güclü Dilarə görmək istəyir. Mən Oqtayın ruhunu şad etmək, onun dəyərlərini yaşatmaq və davam etdirmək üçün özümü inkişaf etdirməyə çalışıram.
- Oqtay Əliyevin vəfatından sonra bir xanım kimi güclü duruşunuz bir çox insanlara stimul verdi. Bunu necə bacardınız?
- Sevgi ilə yanaşdıqda həyatda hər şeyi bərpa edə bilirsən. Bəzən insanlar düşünür ki, əgər sevirsənsə, daha çox ağlamalı, daha çox üzülməlisən. Amma bizdən gedənlər qalanların üzülməyini istəyərlərmi?! Düşünürəm, yox. Adicə bir uşağın kiçik narahatlığı zamanı onun ağlamasına anası dözmür, onu sevindirməyə, üzünü güldürməyə çalışır. Bizim sevdiyimiz insanlar da üzülməyimizi istəməzlər.
Həyatın reallığı budur, heç bir alternativ də yoxdur. Təbii ki, insan itkiyə görə kədərlənir, gec-tez bu, hər birimizin başına gəlir. Başqa bir həyat yoxdur, ən yaxşı halda həmin anda edə biləcəyimiz hər şeyi etməliyik. Mən bu prinsiplə yaşayıram. Ətrafımda insanları toplayıram, onlara gözəl enerji ötürürəm. "Soy Production"un ətrafına çoxlu yaradıcı insan cəmləşib. Biz bir komandayıq və bir-birimizdən güc alırıq. Həm yaradıcı, həm də məsuliyyətli işdəyik. Burada bir çoxunun ailəsi, övladları, valideynləri var. Mənim də həmçinin övladlarım, nəvələrim, Oqtayın valideynləri, qardaşı, anam və bacı-qardaşım "Soy"dadı...
Təsəvvür edin, bu, qollu-budaqlı ağac kimidir, mən özümü kənara çəksəm, bir çox insanın işi və həyatı dəyişər. Bu məsuliyyətin fərqindəyəm. İnsanlar qəbul etməlidirlər ki, həyat davam edir. Görün, mən özümü toparlamaqla, nələri yaşadım.
Nə vaxt ki, "Soy Production"un adı uğurlu layihələrdə çəkilir, düşünürəm ki, bu, həm də Oqtay müəllimin adına atılmış işləri yaşatmaqdır. Qızımız Banu dram və kino aktyorluğu fakültəsində təhsil alır, böyük qızım fəlsəfəni bitirib və hazırda kiçik yaşlı övladlarına baxır. Bizim gördüyümüz hər yaxşı iş həm şəxsi, həm də ailəvi bir ardıcıllıqdır, bu isə Oqtay müəllimin ruhunu şad etməkdir.
- Maraqlıdır, teatr, kino və stand-up, hansını özünüzə daha yaxın hesab edirsiniz?
- Mənim belə bir prinsipim var, ya sevdiyin işi görəcəksən, ya da gördüyün işi sevəcəksən. Mənə həvalə olunan hər bir işin öhdəsindən gəlmək üçün gecə-gündüz çalışır və onun haqqını verirəm. Stand-up çıxışlarımı da böyük sevgi ilə etmişəm. Eyni zamanda, verilişlərimə də çox bağlıyam, hər bir layihəni xüsusi diqqətlə işləyirəm. Qonaqlarımı sevirəm, onların hər bir işi yüksək səviyyədə təqdim olunur.
Həmişə hər tapşırığa tam məsuliyyətlə yanaşmışam. Ona görə də bu suala cavab vermək çətindir. Hazırda həm İrəvan Teatrında, həm də Akademik Musiqili Teatrda çalışıram.

- Oqtay Əliyevin müəyyən dəstəyi olmasa, bu gün bu səviyyədə ola bilərdinizmi?
- Düşünürəm ki, bu, çox çətin olardı. Oqtayın böyüklüyü onda idi ki, mənə çox böyük meydan verdi.
Onunla universitetdə tanış olmuşduq, istedadımı ən çox qiymətləndirən şəxslərdən idi. Mənimlə ilk tamaşasını rejissor kimi hazırladı və bu, universitetdə böyük səs-küy yaratdı. Mən də həmin tamaşada aktrisa kimi çəkildim.
Oqtay həmişə mənimlə bağlı planlar qurardı və bu, məni çox xoşbəxt edirdi. Oqtayı çox sevmək səbəbim onun məni özümdən çox istedadımı sevməsi idi. Mənim işimi sevmək çox önəmlidir. Hərdən danlayırdı, tənqid edirdi, amma işimi çox qiymətləndirirdi.
- Yəqin ki, tənqiddən xoşlanmadığınız da olurdu...
- Oqtayın tənqidlərinə heç vaxt tam öyrəşə bilmədim. Sakit qalması isə artıq tərif sayılırdı. Amma həmişə nəsə tapırdı. Başa düşürəm ki, Oqtayın mənə meydan yaratmasının səbəbi yalnız Dilarə kimi şəxsiyyətim yox, həm də mənim bacarığımla bağlı idi. Buna görə də mənim üçün o, daha qiymətli idi.
- Həmişə formadasınız. Özünüzə necə qulluq edirsiniz?
- Özümə müntəzəm diqqət edirəm, məsələn, saçlarıma xüsusi maskalar tətbiq edirəm. Son vaxtlar 17 kiloqram çəki vermişəm. Bu prosesdə həkimlərimin tövsiyələrinə əməl edir və onlara böyük təşəkkürümü göndərirəm.
Çəki ilə bərabər sanki pis enerjilərim də getdi və özümü daha özgüvənli hiss etməyə başladım. Bu enerjini həm şəxsi, həm də yaradıcılıq həyatımda istifadə edirəm və nəticədə çox gözəl layihələr alınır.
- Son zamanlar xanımlar arasında estetik əməliyyatların sayı artıb. Bu tendensiyanı necə qiymətləndirirsiniz və siz bunu necə qarşılayırsınız?
- Estetik əməliyyatları normal qarşılayıram. Sizin vasitənizlə uzun zamandır toxunmaq istədiyim bir mövzunu da paylaşmaq istəyirəm. İstər əməliyyatla, istərsə başqa üsulla, gözəl olmaq xanımların haqqıdır. Çox vaxt insanlar düşünür ki, yalnız səhnədə olan xanımlar əməliyyat edə bilər, mən hesab edirəm ki, hər bir qadın gözəl görünməlidir.
Əsas məsələ ölçünü bilməkdir. Düzgün yanaşma insana daha təbii və gözəl görünüş bəxş edir. Kim istəyər ki, əməliyyat uğursuz və ya qeyri-adekvt olsun? Mən çox istəyirəm ki, xanımların ümidləri doğrulsun, onlara doğru məsləhətlər verilsin və prosedurlar düzgün həyata keçirilsin...
FOTO: Elnur Muxtar


