BAKI, 4 iyun. TELEQRAF
“Əgər Ermənistan Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmanı davam etdirmək qərarına gəlsə, Rusiya nə Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində, nə də ikitərəfli müqavilələr vasitəsilə İrəvanı dəstəkləyəcək. Bundan sonrakı qərarlar, digər məsələlərlə yanaşı, Ermənistan seçkilərinin nəticəsindən asılı olacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Rusiya rəsmisi “avropayönlü siyasi qüvvə” adlandırdığı Baş nazir Nikol Paşinyan və komandasının bu baxımdan Moskvanın maraqlarına uyğun olmadığını etiraf edib:
“Ermənistan parlament seçkilərində kimin qalib gələcəyini görüb sonra tədbir görməli, qərar verməliyik. Çünki avropayönlü qüvvələr qalib gələrsə, bu, Ermənistanın Avropa İttifaqına doğru irəliləyəcəyi demək olacaq. Bu halda, həqiqətən də müvafiq tədbirlər görmək lazım olacaq. Biz gələcəyini Avropa İttifaqında görən və Rusiya ilə müharibəyə hazırlaşan bir ölkəyə maliyyə dəstəyi göstərə bilmərik. Niyə belə bir ölkəyə dəstək verməliyik? Sabah bizə qarşı döyüşə biləcəklərə həqiqətənmi pul verəcəyik?”.
Rusiya baş nazirinin müavini xatırladıb ki, Moskva hələ də AİB çərçivəsində Ermənistanla bağlı öhdəliklərini qoruyub saxlayır, amma İrəvan Aİ-yə doğru irəliləmək qərarına gəlsə, bu öhdəliklərə yenidən baxıla bilər.