ŞUŞA, 4 iyun. TELEQRAF
Şuşa şəhərində yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulan infrastruktur layihəsi üzrə tikinti işləri davam edir. Qurğunun gələn il istismara verilməsi nəzərdə tutulur.
Teleqraf-ın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Qarabağa təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində Şuşa şəhərinin yağış və çirkab sularının mərkəzləşdirilmiş qaydada toplanması və təmizlənməsi təmin olunacaq.
İ.Quliyev bildirib ki, yağış suları 1200 millimetr diametrli borular vasitəsilə yığılaraq təmizləyici qurğuya ötürüləcək. Eyni zamanda, məişət və tullantı suları 600 millimetr diametrli borularla toplanaraq çirkab su təmizləyici qurğusuna nəql ediləcək.
“Çirkab suları xüsusi təmizləyici qurğuda normativ tələblərə uyğun şəkildə təmizlənəcək. Daha sonra təmizlənmiş sular Qarqarçaya axıdılacaq və sonrakı mərhələdə suvarma məqsədləri üçün istifadə oluna biləcək”, – deyə o qeyd edib.
Sədr müavininin sözlərinə görə, hazırda ərazidə tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir və layihənin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.
İ.Quliyev vurğulayıb ki, layihənin əsas məqsədi Şuşa şəhərində yağış və tullantı sularının yığılması, təmizlənməsi, ətraf mühitin qorunması və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsidir.