BAKI, 4 iyun. TELEQRAF

Türkiyə ilə Türkmənistan arasında mövcud olan köklü qardaşlıq bağları, eləcə də ortaq gələcəyi formalaşdıracaq tərəfdaşlıq sahələri ətraflı şəkildə nəzərdən keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O, Türkmənistan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyasının 9-cu iclası çərçivəsində Aşqabada səfəri zamanı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə səmərəli görüş keçirdiyini diqqətə çatdırıb.

C.Yılmaz qeyd edib ki, tərəflər energetika, nəqliyyat, ticarət, təhsil, elm, texnologiya və mədəniyyət kimi strateji sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirmək əzmində olduqlarını nümayiş etdiriblər.

Vitse-prezident qlobal qeyri-müəyyənliklərin artdığı müasir dövrdə ortaq tarix və dəyərlərə əsaslanan iki ölkə münasibətlərinin strateji baxışla inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə rəsmisi vurğulayıb ki, Türk dünyasının birliyini möhkəmləndirən hər bir addım regionun sülhünə və rifahına mühüm töhfə verir.

Görüşün sonunda C.Yılmaz yüksək qonaqpərvərliyə və səmimi qəbula görə Türkmənistan Prezidentinə dərin təşəkkürünü ifadə edib.