BAKI, 12 yanvar. TELEQRAF
Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın alpinist Vəfa Qəhrəman (Musayeva) Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Vəfa xanım, Everest zirvəsini fəth etməyinizlə diqqət mərkəzinə gəldiniz. Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olundunuz. Zirvəyə yüksəlmiş bir qadın alpinist kimi təəssüratlarınızı eşitmək istərdik.
- Əvvəla ondan başlayım ki, Everest zirvəsinin fəthindən sonra ilin idmançısı nominasiyası üzrə namizədliyimi irəli sürmüşdülər, amma seçilmədim. Açığı, buna görə məyus olmadım. Daxilimdə hiss edirdim ki, bu, daha çox formal xarakter daşıyır və başqa qərar verilə bilər. Çünki bu, Azərbaycan tarixində ilk belə hadisə idi, Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi xüsusi diqqəti yaxşı bilirdim.
İlin idmançısı mövzusu gündəmə gələndə mənə çox zənglər olundu. Soruşurdular, maraqlanırdılar ki, adım niyə siyahıda yoxdur. Ətrafımdakı insanlar narahat idilər, mən isə tam sakit idim. Nəhayət, öz planlarımı qurdum və Yeni ili qeyd etmək üçün xaricə bilet aldım. Qardaşım xaricdə yaşayır.
Bu zaman mənə zəng gəldi, müəyyən tarixlərdə Bakıda olub-olmadığımı soruşdular. Bildirdim ki, artıq bilet almışam, Bakıdan gedirəm. Dedilər, mütləq burada olmağım lazımdır. Bir səhər mənə mesaj gəldi, təəssüratlarımı almaq istədiklərini yazdılar. Cavab verdim ki, Everestə qalxmağım barədə çox danışmışam. Həmin anda mənə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunduğum bildirildi. Çox sevindim, bu sevinc yalnız şəxsi duyğu deyildi. İnsanların gözləntiləri vardı, alpinizmin layiq olduğu dəyəri alması gərək idi.
Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmək bir Azərbaycan müəllimi, bir Azərbaycan alpinisti kimi mənim üçün böyük bir şərəf və məsuliyyətdi.

- Hər halda əməyiniz dəyərləndirildi...
- Açığı, Everestə gedəndə “əmək sərf edəcəyəm, qarşılığında mükafat alacağam” düşüncəsi yox idi. Təltif mərasiminə dəvət olunanda insanlara baxıb gördüm ki, hamısı idman sahəsində illərlə zəhmət çəkmiş, böyük yol keçmiş insanlardır. Bu sırada yer almaq mənim üçün fövqəladə bir hiss idi. Bu, Azərbaycan müəlliminin sinifdən çıxıb ölkə miqyasını aşaraq daha geniş bir arenaya çıxması demək idi. Bundan çox təsirləndim.
Tanınmış insanların vikipediya səhifələrinə baxmağı, onların həyat yolu, aldıqları mükafatlar barədə oxumağı həmişə sevmişəm. Belə insanların arasına düşməyim məni sevindirməyə bilməzdi. İnternetdə “Tərəqqi” medalı almış insanları görəndə düşünürdüm ki, onlar necə dəyərli, mənalı həyat yaşayıblar.
Günlərin birində həmin “Tərəqqi” medalı ilə təltif ediləcəyimi təsəvvür etməzdim. Bu, mənim üçün son dərəcə dəyərli bir hadisədir. Bir zamanlar vikipediyada haqqında oxuduğum insanlarla eyni mükafata sahib olmaq hələ də mənə inanılmaz gəlir.
- Vikipediya səhifəniz varmı?
- Bəli, müraciət etdim, artıq vikipediya səhifəm tərtib edilib. Bir gün “Tərəqqi” medalı, bir gün Vikipediya… Həyat həqiqətən çox maraqlıdır.
- Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsinə qalxan milliyyətcə ilk azərbaycanlı xanım olub. Siz isə bu zirvəni fəth edən və Azərbaycan vətəndaşı olan ilk qadınsınız. Bu qərarı verməyinizə nə səbəb oldu? Bir azərbaycanlı qadının belə bir hədəf qoyması cəmiyyət üçün gözlənilməz idi. Bu yol necə başladı?
- Dağlara gedəndə düşünürdüm ki, aktiv insanam, idmanla məşğulam, özümü bu sahədə sınaya bilərəm. İlk ciddi təcrübəm 2016-cı ildə Heydər Əliyev zirvəsinə qalxmağım oldu. Həmin yürüşdə anladım ki, dağa qalxmaq heç də asan deyil. Bu, təkcə fiziki güc yox, həm də böyük səbr, düzgün geyim və xüsusi avadanlıq tələb edir.
Dağçılıq - idman növləri arasında ən bahalı sahələrdən hesab olunur. Çünki istifadə olunan avadanlıqlar olduqca bahadır. Məsələn, bir cüt dağ botunun qiyməti yeni model olmasa belə bir neçə min dollardır. Xüsusi gün eynəklərinə, geyimlərə, gödəkçələrə, xırda görünən, amma həyati əhəmiyyət daşıyan detallara ciddi vəsait xərclənir. Bütün bunlar toplandıqda böyük məbləğ ortaya çıxır və bu xərclər heç vaxt bitmir.
Hər yüksəkliyin özünəməxsus tələbləri var: 5000 metrlik zirvə üçün lazım olan avadanlıq 7000 metrlik zirvədən, 7000 metrlik zirvənin tələbləri isə daha yüksəkdən tamamilə fərqlidir. Bu, davamlı hazırlıq və daim yenilənən ehtiyaclar deməkdir. Bütün bunları nəzərə alaraq, bir müddət Azərbaycan dağları ilə kifayətlənməməklə təcrübəmi mərhələli şəkildə artırmaq qərarına gəldim.
Daha sonra İranın Savalan dağına səfər etdim. Ardınca Avropanın ən hündür zirvəsi olan Elbrus dağına qalxdım, Pamir və And dağlarına ekspedisiyalarda iştirak etdim. Ardınca Everest zirvəsinə qalxdım, bunun da bir hekayəti var.
Əvvəlcə bələdçimə yazdım ki, Everest zirvəsinə çıxmaq istəyirəm, cavab verdi ki, gəlirsənsə, gəl. Birlikdə dünyanın ən hündür vulkanik dağı olan Ojos del Salado zirvəsinə qalxmalı olduq. Məqsədim o idi ki, məni yaxından tanısın, qərar versin Everestə gedə bilərəm, ya yox. O dedi ki, bunun maddi tərəfi çox bahadır, təxminən 60-100 min dollar civarında... Bildirdim ki, mənim 10-15 min manatım var.
Bələdçim gülümsəyib dedi ki, mən bələdçiyəm, maliyyə məsələsinə kömək edə bilmərəm. Everest üçün rəsmi icazə almaq lazımdır, icazəni al, növbəti il dağa qalxarsan. Söhbət yarımçıq qaldı. Amma daxilimdə özüm-özümə dedim ki, sən mənə yenidən qayıdacaqsan...
İki-üç gün sonra bələdçim yazdı ki, onların votsapda "Everest" adlı qrupu var, iştirakçılar artıq ödənişlərini ediblər: "Mən ora yazdım ki, Vəfa Musayevanı tanıyırsınız. O da bizimlə gəlmək istəyir, amma vəsaiti bu qədərdi. Hətta zarafatla dedim ki, məndən borc pul istəyir. Slava adlı bir alpinist dedi, mən ona borc pul verərəm. Onunla Ojos del Salado zirvəsində olmuşam".
Bələdçi isə bildirib ki, yoxsa zarafat edirsən, axı bilmirsən o, sağ qayıdacaqmı, pulu qaytara biləcəkmi? Slava isə cavab verib ki, onunla bir dəfə dağda olmuşam, bilirəm, pulu qaytaracaq və hər şey yaxşı olacaq.
İki gün sonra bələdçim yazdı ki, hazırlaş, gəlirsən. Beləliklə, mənim üçün möcüzəvi bir hadisə baş verdi.

Dağlara gedərkən arzularım daha da böyüdü. Tez-tez təkrarladığım bir söz var: “General olmaq istəməyən əsgər - əsgər deyil”. Mən Everest zirvəsinə qalxanları və bütün ekspedisiyaları izləyirdim, orada xüsusi qeydiyyat sənədi var. Hər il baxırdım ki, kimlər gedir. Azərbaycanlı qadın iştirakçı yox idi kişi iştirakçı isə bir nəfər idi.
2023-cü ildə Pamir dağlarında olarkən xəbər gəldi ki, azərbaycanlı xanım Everest zirvəsinə qalxıb. Amma o xanım Ukraynanı təmsil eləmişdi. Mən daxilən hiss etdim ki, Everestə çıxan ilk Azərbaycan vətəndaşı olan qadın mən olacam. 2025-ci ildə öz ekspedisiyamla bu boşluğu doldurmağa qərar verdim və sənəd dərc olunanda dərk etdim ki, məqsədimə çatmışam.
- Borcunuzu necə qaytardınız?
- Dağa çıxmazdan əvvəl dostlarıma etiraf etdim ki, mənə elə bir borc veriblər, bilmirəm onun altından necə çıxacam. Vəd eləmişdim ki, borcu qaytaracam, amma necə, bilmirdim. Məbləğ 65 000 dollar idi. Bir dostumuz bankarlardan biri ilə danışdı və ona bildirdilər ki, məsələyə baxa bilərlər. Mənimlə görüş keçirildi, dedilər ki, bunu düşünməliyik. Mən isə onlara dedim ki, “siz düşünün, mən sabah gedirəm, istəsəniz mən orada bankın bayrağını qaldıra bilərəm”.
Beləliklə, səfərə yollandım və bu yolda kiçik də olsa mənə dəstək oldular, xərcimin bir hissəsini qarşıladılar. Bank nümayəndələrinin mənəvi dəstəyi mənim üçün çox önəmli idi. Qalan məbləği isə Everest layihələrindən əldə etdiyim gəlirlərlə hissə-hissə ödəyirəm. Onlar mənim performansımı izləyir, gördüklərimi qiymətləndirirlər və pulları mərhələli qaydada qaytarıram. Hələ də Everest səfərinə borcluyam.
Dünyanın 8848 metrlik ən hündür nöqtəsi olan Everesti və Lothze zirvəsini fəth edən ilk azərbaycanlı qadınam. Lots zirvəsinə getmək qərarıma görə də borclandım - 15000 dollar. Hələ də düşünürəm ki, bütün bunları necə qaytaracam... Bəlkə sponsorlar var, amma mən bunun yollarını bilmirəm. Düşünürəm ki, onlar bu hekayəni bilsələr, Azərbaycan adına mənə dəstək olarlar. Heç vaxt bu barədə danışmamışdım, ilk dəfə açıq şəkildə paylaşıram.
- Bu yol bir xanım üçün həm fiziki, həm də mənəvi baxımdan məşəqqətlidi. Üstəlik, üzərinizdə borclar və böyük məsuliyyət vardı. Bütün bu çətinliklərdə sizə ən çox güc verən nə oldu?
- Mənə ən böyük gücü Azərbaycan bayrağı verdi. Bayrağımdan güc almaqda yanılmamışam və təltif olunmağım da bunun sübutudur. Nədən güc aldığımı soruşanda cavabım həmişə bu olub: Üçrəngli bayrağımız!
Dağlarda insan hər şeydən uzaq düşür, ailəsindən, övladlarından, dostlarından, yemək-içməkdən. Soyuqda mübarizə aparırsan, əlləşirsən. O anda çantandan bayraq çıxır... Bayrağa baxanda ailəni, ölkəni, Xəzər dənizini, insanları düşünürsən. Bu barədə danışanda indi də kövrəlirəm.

- Mənfi 40 dərəcə, oksigen çatışmazlığı… Bu şərtlərin öhdəsindən necə gəlirdiniz?
- İnsan qarşısına məqsəd qoyanda və mübarizə aparanda öz gücünə heyran qalır. Təsəvvür edin, oksigensiz şəraitdə zirvəyə doğru gedirsən. Bu cəsarət və qüvvə haradan gəlir ki, insan ölüm zonasında qalmaq qərarı verir? Halbuki mənə dəfələrlə deyilirdi ki, bu riski etmə, tükənib ölə bilərsən. Ölüm zonası yalnız müəyyən vaxt üçün nəzərdə tutulur ki, alpinistlər hazırlıqlarını görüb zirvəyə qalxsınlar, ora qalmaq üçün yer deyil.
Mən ikinci zirvəni fəth etmək istədiyim üçün orada qaldım. Ölüm zonasında oksigen o qədər azdır, nəfəs almaq demək olar ki, mümkün olmur. Hətta Lotze zirvəsinə qalxmaq qərarına gələndə özümə sual verdim: “Vəfa, sən insansan, əjdaha deyilsən. Əminsən ki, ikinci zirvəyə də qalxacaqsan?” Bu suala daxilimdən heç vaxt “yox” cavabı gəlmədi. Əgər gəlsəydi, bəlkə də geri dönərdim. Mənim orada aldığım gücün mənbəyi öz iradəm idi.
İndi xatırlayanda təəccüblənirəm ki, insan bu qədər riskli qərarı necə verə bilər? İkinci zirvənin ətəyinə çatanda, axşamüstü yüksəkliyə baxıb öz-özümə dedim: “Vəfa, sən nə etdiyinin fərqindəsənmi? Günlərdir Everest yolundasan, ac-susuzsan, bütün gücünü Everestə vermisən. Nə yeməyin var, nə də su ehtiyatın. Buna baxmayaraq, indi 8 516 metrlik növbəti zirvəyə qalxmaq istəyirsən".
Orada öz-özümlə daim danışırdım, sanki ikinci bir adam mənimlə dialoq aparırdı. Sonradan oxudum ki, buna “üçüncü adam sindromu” deyirlər və bu hal dağlarda tez-tez yaşanır. İnsan o qədər tənha qalır ki, şüurlu şəkildə özü ilə söhbət edir. Hətta ən peşəkar alpinistlər belə bəzən fərqli mövsümlərdə gəlirlər ki, orqanizmlərini riskə atmasınlar. Görünür, bu da mənim qismətim idi.
Mən öz gücümə tam əmin deyildim. Hər an hər şey ola bilərdi, zirvəyə qalxa da bilərdim, ölə də. Bunu taleyin ümidinə buraxmışdım. Düşünürdüm ki, həyat mənə bu siqnalı veribsə, alın yazısında nə varsa, o da olacaq.
- Dağda həyat necə keçir? Zirvəyə əsasən hansı saatlarda qalxırdınız? Özünüzlə əsasən hansı yeməklər götürüdüz?
- Bəzi yeməkləri özümüzlə daşımırdıq, düşərgələrdə qalırdı. Amma üzərimizdə su, xüsusi marmelad və batonlar olurdu. Oksigen çatışmazlığı səbəbindən ən sevdiyiniz yeməyi versələr belə, onu yemək mümkün olmur. Çantamda xüsusi marmeladlar saxlayırdım, şirin olduqları üçün onları da qəbul edə bilmirdim.
Zirvəyə qalxış gecə saatlarında olur, istirahət minimumdur. Dörd düşərgədən istifadə edir və çadırlarda qalırdıq. Zirvə yürüşündə saat məhdudiyyəti çox vacibdir, çıxış vaxtları yolun xüsusiyyətlərinə görə dəyişir, amma zirvə vaxtı hamıya eynidir.
Düşərgələr arasında bəzən səhər, bəzən isə axşam saatlarında hərəkət edilir. Hər düşərgə çadırlardan ibarətdir və ora yeməklə təmin edilir. Mən Everestdən düşəndə ilk istədiyim adi su idi. Çünki dağda ancaq qar suyu içmişdik. Bədənim fiziki olaraq yeməyi qəbul edə bilmirdi.
Üçüncü düşərgəyə çatanda suya şəkər qatıb içdim, çünki bilirdim hələ yemək yeyə bilməyəcəm. Fiziki yüklənmədən sonra bədənim yeməyi qəbul edə bilmirdi. Yavaş-yavaş bədənimi bərpa etdim. Sonra Nepala gəldim, bir gün dincəldim və Bakıya qayıtdım.

- Sizi rəqiblərinizdən fərqləndirən əsas xüsusiyyətlər hansılar idi?
- Ən böyük gücüm səbrimdi. Həftədə iki gün oruc tuturam və bədənim buna alışıb. Bu səbəbdən Everest ekspedisiyasında günlərlə ac-susuz qalmaq mənim üçün çətin deyildi. Komandamız beş nəfərdən ibarət idi, hər kəs öz bələdçisi ilə hərəkət edirdi. Geri qayıdanlar gücsüz deyildilər, sadəcə səbr və aclıq-susuzluq qorxusu onları dayandırırdı.
Mən isə yoluma güvənir, özümlə daim motivasiyaedici söhbətlər aparırdım. Daxili motivasiya məni zirvəyə çatdırdı.
- Komanda üzvlərinizdən təhlükəli anlar yaşayan və ya səhhətində problem yaranan kimsə oldumu?
- Everestdən enərkən komandamızın bir üzvü özünü pis hiss etdi, əli və bədəni əsirdi. Ekspedisiyaya başlamazdan əvvəl mən bu mövzuda çox kitab oxumuşdum və belə hallar zamanı beyin və ciyərlərdə su yığılması riski olduğunu bilirdim. Hadisəni dərhal bildirdik, yoldaşımızı çox çətinliklə aşağı endirdik. Bu bölgədə helikopterlə dərhal müdaxilə mümkün deyildi, amma sığorta vasitəsilə helikopter çağırıldı və o, xəstəxanaya yerləşdirildi. Sağaldıqdan sonra ölkəsinə göndərildi.
Ekstremal şərait insan orqanizminin reaksiyalarını çox fərqli göstərir. Şanslı idim ki, bədənim mənimlə “işbirliyi”ndə çalışdı. Everestdə oxuduqlarımı canlı gördüm, donmuş meyitlər, ekstremal hava şəraiti… İnsan mübarizə anında yalnız həyatda qalmağa fokuslanır. Hətta güclü külək bir nəfəri gözlə görünməyən boşluğa aparmışdı. Çox güman ki, o, həlak olmuşdu.
- Belə hallarda adətən ailələr, xüsusilə analar ciddi narahatlıq keçirirlər. Maraqlıdır ki, ananız Everest zirvəsinə qalxmaq planınızı necə qarşıladı, sizi dəstəklədimi?
- Açığı, anam məni heç vaxt dəstəkləməyib. Everestə getmək istədiyimi deyəndə də bu qərarla razılşamadı... Universitet seçimi edəndə də məni dəstəkləməmişdi.
Amma onu da dedim, sən ana kimi hər zaman yanımda olmusan. Sənin məhəbbətini və qayğını həmişə hiss etmişəm. Anam cavab verdi ki, o mənim seçimlərimin nəticələrinə görə narahat olur. Hər şey anama təhlükəli görünürdü. Bir ana üçün əsas məqsəd övladını təhlükədən qorumaqdır. Ona sadəcə sağ-salamat bir övlad lazım idi. İndi bu hadisələri danışarkən anamı daha yaxşı anlayıram. Amma o vaxt mən elə qərarlı idim ki, heç kimdən icazə almmadım.
Everestdən qayıtdıqdan sonra məlum oldu ki, mən gedəndən sonra anam Everest haqqında filmlərə baxmağa başlayıb. Sanki nitqi tutulub, sadəcə gözləyib ki, məndən bir xəbər gəlsin.
Everestdən gələndən sonra anam dedi ki, əgər bilsəydim, sən hara gedirsən, buna heç vaxt icazə verməzdim. Lap özümü öldürərdim, amma oraya getməyə qoymazdım.

- Şəxsi həyatınız haqqında nə demək istərdiniz?
- Ailəliyəm, iki qızım var. Həyat yoldaşım mənim qərarlarımı dəstəkləyir və mənə arxa-dayaq olur.
- Həyat yoldaşınızın idman sahəsinə bağlı insandırmı?
- Yox, idman sahəsi ilə bağlılığı yoxdur. Bəzən deyir ki, sən olmasaydın, dənizin nə olduğunu, ona sevgi bəsləməyin anlamını bilməzdim. Mən axı dənizi hədsiz dərəcədə sevirəm.
Deməli, günlərin bir günü gördüm ki, avadanlıqlar alır. Soruşdum, nə edirsən? Cavab verdi ki, dağın nə olduğunu bilmək istəyirəm.
Hazırlıqları tamamladıqdan sonra Bazardüzü zirvəsinə qalxmağa qərar verdi. Zirvəyə çatdıqdan sonra dedi, çox gözəldir. Dalınca qayıtdı ki: "Çadırda gecələməyin, ehtiyaclar üçün qaranlıqda yer axtarmağın, əzabla yoxuş qalxmağın, sonra yenə əzabla eniş enməyin, günlərlə hərəkət edə bilməməyin, çətin şəraitdə yemək yeməyin mənasını anlaya bilmədim".
Sonda avadanlıqlarını mənə hədiyyə etdi və daha dağa getməyəcəyini bildirdi.
- Gələcək planlarınız nədən ibarətdir?
- Afrikanın ən yüksək zirvəsi olan Kilimancaroya yürüşüm fevralın 10-na planlaşdırılacaq. Planlarım böyükdür. Everestdən sonra Türkiyə Alpinizm Federasiyası mənə təbrik ünvanladı və federasiyaya dəvət etdilər. Hazırda danışıqlar davam edir və bu çərçivədə Türkiyəyə səfərim da olacaq.
Universitetlərdə ustad dərslərim davam edir. Paralel olaraq, uşaqlar üçün dağ mövzusunda maarifləndirici və ilhamverici hekayələr üzərində çalışıram. Xüsusilə qız uşaqlarına güc, inam və qürur aşılayan hekayələrlə onların qarşısına çıxmağı hədəfləyirəm.
Foto: Elnur Muxtar



