BAKI, 22 dekabr. TELEQRAF
Ötən əsrin 50-60-cı illərində Türkiyədə Azərbaycan musiqisinə böyük maraq yaranmışdı. Bu tarixə qədər Türkiyəyə mühacirət edən azərbaycanlı sənətçilər sayəsində musiqimiz qardaş ölkədə bilinirdi. Lakin SSRİ-də yaranan yumşalmadan sonra Rəşid Behbudov və Zeynəb Xanlarovanın Türkiyədə bir neçə konsert verməsindən sonra Azərbaycan musiqisinə daha geniş maraq yarandı. Xüsusilə “Nazəndə sevgilim”, “Lalələr”, “Çırpınırdı Qara dəniz”, “Ay Laçın” kimi mahnılar geniş rəğbət yaratdı. Hətta məhəlli plastinka şirkətləri Zeynəb Xanlarovanın və Rəşid Behbudovun səs yazılarını icazəsiz şəkildə yaymağa başladı. Məsələn, “Doğu” adlı plak firması Rəşid Behbudovun “Reyhan” mahnısını plastinkaya yazaraq satışa çıxarmışdı. Z. Xanlarovanın isə bir çox mahnısı (“Sən sən”, “Reyhan”, “Endim bulaq başına”, “Qonaq gəl”, “Azərbaycan”, “Arzu qızım”, “Kaş ki səni sevməsəydim”, “Səməni”) ikinci dərəcəli firmalar tərəfindən vala yazılaraq dinləyicilərə təqdim edilmişdi. Nəticədə Türkiyənin bir sıra sənətçiləri bu mahnıları repertuarlarına salmışdılar. Bu yazımızda həmin sənətçilərdən biri haqqında bəhs edəcəyik. Nəsrin Sipahidən.
.jpg)
Krımlı ailənin övladı
Nəsrin Sipahi 29 oktyabr 1934-cü ildə - Türkiyə Cümhuriyyətinin quruluş ildönümündə İstanbulun Yeşilköy qəsəbəsində anadan olub. Əsli Krım türklərindən olan sənətkar təhsilinə Yeşilköy ibtidai məktəbində və Bakırköy orta məktəbində başlayıb, daha sonra ingilis dilini öyrənmək məqsədilə bir müddət amerikan məktəbində oxuyub. Musiqi fəaliyyətinə ilkin olaraq klassik Qərb musiqisi və vokal dərsləri ilə başlasa da, klassik türk musiqisinə olan istedadını İstanbul Bələdiyyə Konservatoriyasındakı müəllimi Əhməd Nuri Canaydın kəşf edib. Peşəkar hazırlığını Şərif İçlidən aldığı dərslərlə təkmilləşdirən Sipahi 1953-cü ildə TRT Ankara Radiosunda ştatlı sənətçi kimi fəaliyyətə başlayıb. Radioda çalışdığı dövrdə Ankara Dövlət Konservatoriyasının müəllimlərindən dərs alıb, dövrün nəhəng sənətkarlarından bəhrələnib.
Sənətkarın “Odeon” şirkəti tərəfindən buraxılan ilk valı 1957-ci ildə işıq üzü görən “Bir rüzgârdır gelir geçer sanmıştım” adlı əsər olub. Sipahi 1965-ci ildə Tamer Yiğitlə baş rolları paylaşdığı “Kalbimdeki Serseri” adlı musiqili filmdə çəkilib. O, həmçinin 1974-cü ildə Fenerbahçe futbolçuları ilə birlikdə klubun tarixinə düşən “Yaşa Fenerbahçe” marşını ifa edib.
Uzun illər səhnədə baş solist kimi parlayan sənətçiyə 1998-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi dövlət sənətçisi fəxri adını verib. Təxminən 25 illik fasilədən sonra - 29 oktyabr 2016-cı ildə Cemal Reşit Rey konsert salonunda yenidən səhnəyə qayıdan müğənni doğum gününü pərəstişkarları ilə birgə qeyd edib. Elə həmin il musiqi sənətinə verdiyi böyük töhfələrə görə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatına layiq görülüb və bu mükafatı 9 fevral 2017-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan ona təqdim edib.
.jpg)
Möcüzəvi qarşılaşma – İbrahim Topçubaşov və Nəsrin Sipahi
Bu ilin sentyabr ayında itirdiyimiz professor İbrahim Yıldırım maraqlı bir qarşılaşma haqqında mənə məlumat vermişdi. Həmin bilgini bir məqaləsində də detallı şəkildə yazmışdı. Belə ki, 1967-ci ildə Ankaradan üç professor Tokioda keçirilən bir tibb qurultayına yola düşüb. Heyətdə Muhittin Ülker, Hüsnü Göksel və Dağıstan əsilli İzzət Kantemir yer alıb. Azərbaycandan isə həmin qurultaya professor İbrahim Topçubaşov qatılıb. Beləcə xoş bir təsadüf onları Yaponiyanın paytaxtında bir araya gətirib.
Kantemir beynəlxalq toplantılarda SSRİ-dən gələn həmkarlarına Dağıstanda qalmış bəzi ailə üzvlərini tapmaları üçün ünvan, məlumat versə də, heç bir nəticə hasil olmamışdı. Amma ümidini itirməyən İzzət bəy bu dəfə eyni xahişi İbrahim Topçubaşovdan edib. İbrahim bəy qohumlarını tapacağına söz verib, Bakıya qayıtdıqdan sonra köməkçisinə bu işlə məşğul olmağı tapşırıb. Nəticədə İzzət bəyin bacısı Ümmügülsüm tapılıb. Kantemir bacısı xəstə olduğu üçün oğlu Kamalın Türkiyəyə səfər etməsini təşkil edə bilib. Topçubaşovun bu jestini unutmayan İzzət Kantemir onun Türkiyəyə səfər etməsini, bir müddət müxtəlif universitetlərin xəstəxanalarında çalışmasını təşkil edib. Daha sonra İstanbul və İzmirə dəvət edilib. Belə görüşlərin birində İbrahim Topçubaşov İzmirdəki bir konsertə aparılıb. Təsadüfdən həmin gün səhnəyə çıxan sənətkar Nəsrin Sipahi imiş. Müğənni bir neçə mahnı oxuduqdan sonra İrandan gəlmiş bir plastinkadan öyrəndiyi “Söyüdlər başını əyəndə” adlı mahnını oxuyacağını, amma bəstəkarının kim olduğunu bilmədiyini deyib. Bəstəkar isə onun qarşısında imiş. Cərrah İbrahim Topçubaşov həm də tanınmış bəstəkardı. Bu möcüzəvi qarşılaşmadan həyəcanlanan Topçubaşov müğənni ilə görüşmək istəyib. Sipahi əvvəlcə müəllif haqları məsələsinin gündəmə gələcəyini düşünüb narahat olsa da, Topçubaşovla görüşüb. Xeyli söhbətdən sonra Sipahiyə başqa bir mahnısını da söz verib, daha sonra onun evində görüşüblər. Topçubaşov İstanbulda olarkən mühacirlərdən Saleh Gəncənin evində qalırmış. Saleh bəylə birlikdə Nəsrin xanımın evinə gediblər və orada “Qədəhləri doldurun” mahnısını ifa edib. Nəsrin xanım bu mahnını da repertuarına alıb.
.jpg)
İbrahim Topçubaşovun həyat yoldaşı xalq artisti Flora Kərimova da bir müsahibəsində bu faktı təsdiqləyib: “İbrahim Topçubaşov söz vermişdi ki, o, Nəsrin xanımın Bakıda konsert verməsi üçün əlindən gələni edəcək. O cür də oldu. İbrahim müəllim əvvəlcə Nazirlər Soveti və KQB kimi yüksək qurumlara müraciət etdi. Artıq onların icazəsindən sonra Moskva heç nə deyə bilməzdi. Xatırlayıram, İbrahim Topçubaşov özü şəxsən Nəsrin xanımın Bakıda konsert verməsi üçün Moskvaya getdi... Nəticədə Nəsrin xanım Bakıya gəldi. Amma o, gələndə artıq iki-üç ay idi ki, İbrahim Topçubaşov rəhmətə getmişdi... Onu mən qarşıladım. Nəsrin xanımla İbrahim müəllimin qəbrinin üstünə getdik... Daha sonra “Yaşıl teatr”da konserti oldu. Onda mən İbrahim Topçubaşovun adından iki metrdən də uzun bir çələng hazırlatdım. Çələng sırf qızılgüllərdən ibarət idi. Üzərindəki xırda lampalar çələngin üzərində “professor İbrahim Topçubaşovdan” sözlərini yazırdı. Konsert zamanı mən səhnəyə çıxdım. Səhnənin bütün işıqlarını söndürdülər, çələngin üzərindəki xırda lampalar yandı və orada “professor İbrahim Topşubaşovdan” sözləri hər tərəfi işıqlandırdı. İbrahim Topçubaşov ölümündən sonra da Nəsrin xanımı salamladı”.
Bu hadisə 1970-ci ilin iyun ayında olmuşdu. Həmin konsertin başqa bir dinləyicisi də vardı. Sonralar Azərbaycanda xalq hərəkatına rəhbərlik edəcək və ikinci prezident olacaq Əbülfəz Elçibəy. Konsertin digər iştirakçısı Aydın Abbasov bir müsahibəsində həmin günü belə yada salırdı: “Bakıya türk müğənnisi Nəsrin Sipahi gəlmişdi, Yaşıl Teatrda konsert verirdi. Əbülfəz bəylə gedib bir xeyli bilet aldıq və uşaqlara payladıq, dedik qoy konsertə gedib görsünlər ki, bizlər elə türkük. Həm də müğənni hiss eləsin ki, zalda onu ürəkdən duyan, sevən insanlar var, yad məmləkətə gəlməyib, öz vətəninə gəlib, İstanbulla Ankara, Bakı elə eyni şeydir”.
Yazılanlara görə konsertdəki yaşlı adamlar KQB-nin qorxusundan sənətçiyə gül verə bilməyiblər. Amma oradakı uşaqlar çöldən çiçək qoparıb türk müğənnisinə gətirdiklərində Nəsrin Sipahi “galiba, büyükler duvarı aşamıyorlar” söyləyib.
Sipahinin həmin konsertə “Çırpınırdı Qara dəniz” mahnısını da ifa etdiyi bildirilir.
Nəsrin xanımın Bakı konserti SSRİ turnesi çərçivəsində olmuşdu. Moskvada verdiyi konsertdə hətta rus dilində də mahnı oxumuşdu. SSRİ-dən geri qayıdarkən onu hava limanında Türkiyə kəşfiyyatının rəisi Fuad Doğu qarşılayır və orada gördükləri haqqında məlumat istəyir. Sipahi və həyat yoldaşı SSRİ-dəki təəssüratlarını raport şəklində təqdim edirlər.
.jpg)
“Odeon”lu illər
Türkiyənin məşhur plastinka şirkəti olmuş “Odeon” vaxtilə plastinkalarını çıxarmış sənətçilərin köhnə səs yazılarını həm xatirə olaraq cd kimi satışa çıxarmaqda, həm də musiqi platformalarına yükləməkdədir. Bu baxımdan “Nesrin Sipahi’den Türküler” adlı albom da eyni şəkildə işıq üzü görüb. Bu albomda Sipahinin oxuduğu bir sıra Azərbaycan mahnıları da yer alıb: “Dağlarda duman gözəldir”, “Olmaz olmaz”, “Çırpınırdı qara dəniz”, “Araz üstə, bu üstə”, “Reyhan”, “Doldurun qədəhləri”, “Sürəyya”, “Gül oğlan”, “Dağlar maralı” kimi mahnılarımız yer alıb.
55 il əvvəl Bakıda oxunmuş “Çırpınırdı Qara dəniz” mahnısını təqdim edirik: