BAKI, 30 sentyabr. TELEQRAF
"Cabir İmanovun heç bir xəstəliyi yox idi. Məşq zalına idman etməyə getmişdi".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əməkdar incəsənət xadimi şair Baba Vəziroğlu deyib.
O, mərhumla yaxın münasibətinin olduğunu bildirib: "Cabir bizim ailəvi dostumuz idi. Mənim kürəkənimlə KVN-də çalışmışdı. Ailəvi məclislərimizin əksəriyyətində süfrənin başında əyləşirdi, səmimi və tərbiyəli insan idi.
İnanmağım gəlmir ki, dünən danışdığım, "Eşq olsun" deyə zarafatlaşdığım adam bu gün həyatda yoxdur. Onunla tez-tez görüşürdük.
Bu qardaşlarda - Cabir və Tahir İmanovlarda Azərbaycanda çoxlarının cəsarət etə bilmədiyi güc var idi. Təəssüf ki, Azərbaycan televiziyalarının cəsarəti çatmırdı ki, bu sənətkarların cəmiyyətin sağlam olması naminə gördükləri maarifləndirici işləri işıqlandırsın. Sonda cənab Prezident İlham Əliyev müdaxiləsi ilə onların yolunda yaşıl işıq yandı.
Cabir İmanov bizə bir dərs qoyub getdi, ömür nə qədər qısa olsa da, onu insan kimi yaşamaq, xalqına xidmət etmək lazımdır. Mən hər kəsə deyirəm: Cabir kimi yaşamaq lazımdır".