BAKI, 29 sentyabr. TELEQRAF

Mədəniyyət türk dövlətləri arasındakı əlaqələrin əsas özəyidir.

Teleqraf xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransı çərçivəsində “Qlobal qeyri-müəyyənlik dövründə mədəniyyət, elm və parlamentarizm sahəsində TDT siyasəti” adlı panel müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mədəniyyət anlayışı, sadəcə, estetik gözəllik deyil, insanların bir-birini anlaması, əlaqələr qurması üçün çox ciddi bir vasitədir: “Türk dövlətləri arasındakı əlaqə məhz mədəni prizmaya əsaslanır”.

Fərrux Cumayev Prezident İlham Əliyevin TDT daxilində dərin mədəni əməkdaşlıqlara əsaslan təşəbbüslərin irəliləməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib: “Bu mənada, türk dövlətlərinin olduğu bir sıra təşkilatlarla geniş və sıx əməkdaşlıq əlaqələrimiz mövcuddur”.

Şöbə müdiri mədəni tarixdə münasibət baxımından Azərbaycan təcrübəsini nümunə gətirib:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni-tarixi abidələrin bərpasına yanaşması əsl nümunədir. Biz mədəni-tarixi, eləcə də dini abidələrin bərpasına olduqca həssas yanaşırıq ki, bu da ümumiyyətlə, mədəni keçmişə və tarixə həssaslığımızın bariz göstəricisidir”.