BAKI, 26 sentyabr. TELEQRAF
"Türk filmlərinin Oskar almamasının səbəbi, məncə, siyasi amillərlə bağlıdır".
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə aktrisası Hülya Koçyiğit deyib.
"Bu səbəbdən, bəzən haqlı olduqları halda belə, siyasi səbəblər üzündən mükafat ala bilmirlər. Təəssüf ki, burada siyasi güclərin təsirli olduğunu düşünürəm.
Əlbəttə, Oskar alacağıq. Əgər biz azərbaycanlılar və türklər filmlərimizi birgə təqdim edə bilsək, bəlkə də daha güclü nəticələr əldə edə bilərik", - deyə Hülya Koçyiğit vurğulayıb.
***
11:26
Türkiyədə Yeşilçam filmlərinin məşhur aktrisası Hülya Koçyiğit, aktyorlar Berk Oktay, Anıl Altan və aktrisa Duyğu Sönmez Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində Bakıya gəlib.
Teleqraf xəbər verir ki, Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində aktrisa ilə görüş keçirilib.
Hülya Koçyiğit Bakı haqqında təəssüratlarını bölüşüb.
"Ötən illərdə Bakıya gələ bilməmişdim. Həmişə Mədəniyyət Nazirliyimizə deyirdim ki, məni Bakıya aparsınlar. Çünki biz eyni duyğuları yaşayırıq, eyni filmləri izləyirik. Bu gün sizinlə görüşdüyüm üçün çox xoşbəxtəm. Yaxşı ki, film sahəsi var. Qəlbimdə daşıdığım sevgini sizlərlə filmlərim vasitəsilə bölüşdüm. İndi isə yenidən birlikdəyik, nə xoş mənə!" - deyə aktrisa əlavə edib.
Aktyor Berk Oktay çıxışında başda Milli qəhrəman Mübariz İbrahimov olmaqla, vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi yad edib.
O, şəhərimizin çox gözəl və təmiz olduğunu vurğulayıb: "İnsanlar baxımında fərq yoxdur. Eyni millətik".