BAKI, 30 avqust. TELEQRAF
"Bakıdan ilk dəfə Ağadama qatarla getmək əvəzolunmaz bir hissdir. 32 ildən sonra yenidən torpaqlarımıza bu dəfə qatarla gedirik. İllər əvvəl atamla və ailəmizlə birlikdə Ağdamdan Bakıya gəlmişdik. İndi isə yenidən ailəmizlə birlikdə qatarla gedirik, amma təəssüf ki, atamız yanımızda yoxdur".
Bu sözləri Teleqraf-a açıqlamasında bu gün Bakıdan Ağdama ilk dəfə yola düşən qatarın sərnişini, Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun qızı Zümrüd Bağırova deyib.
O bildirib ki, Ağdamda ilk ziyarət edəcəyi yer atasının məzarını olacaq: "Atamın məzarını ziyarət edəcəyik. Bu çox gözəl və unudulmaz bir duyğudur. Ən önəmlisi odur ki, Ağdama gedirik, Ağdam camaatı ilə birlikdə doğma torpağa ayaq basacağıq. Torpaqlarımız işğaldan azad olunduqdan sonra atamın məzarını tez-tez ziyarət etmişik. Bu dəfə isə atamı tanıyan insanlarla birlikdə gedirik. Onun xatirələrindən danışaraq, yola çıxmaq bizdə tamam başqa bir təəssürat yaradıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində biz bu torpaqlara yenidən qayıda, atamın qəbrini ziyarət edə bilirik. Bu dəfə Ağdama atamın cəbhə yoldaşları ilə birlikdə gedirik. Onlar atamın mərd, toxunulmaz bir igid olduğunu, döyüşlərdəki qəhrəmanlığını və igidliyini xatırlayırlar.
Ağdamda evimizin yerində indi məktəb tikilib. Məktəb tikilməzdən əvvəl evimizin yerini ziyarət etmişdik. İnşallah, məktəb olaraq daha da dəyərli olacaq, uşaqlar orada təhsil alacaq və atamın ayaq basdığı torpaqda oxuyacaqlar. Ağdamda yaşamaq istəyirik. İnşallah, torpaqlarımızda quruculuq işləri başa çatsın, müraciət etmişik, qayıdıb öz yurdumuzda yaşayacağıq".
Zümrüd Bağırova əlavə edib ki, Milli Qəhrəman üçün abidə kompleksinin hazırlanması da nəzərdə tutulur: Sadəcə, hələ yeri hazır olmadığına görə kompleks tikilməyib. Ağdamda hələlik quruculuq işləri davam edir".