BAKI, 2 aprel. TELEQRAF
Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində dəyişməz saxlanılıb.
Məlumata görə, hazırda illik inflyasiya hədəf daxilindədir. 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır.
Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.
Qeyd edilib ki, təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub. AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb.
Baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
Ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur. Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. Daxili risk faktorları arasında təklif – xərc amilləri mühüm olaraq qalır.