BAKI, 2 sentyabr. TELEQRAF

Mina problemi müharibələr bitəndən sonra da öz aktuallığını itirmir.

Teleqraf xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun sifarişi ilə "Beach House Pictures" şirkəti tərəfindən hazırlanmış "Ölümcül miras" sənədli filminin qapalı nümayişindən öncə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, film Azərbaycanda aparılan irimiqyaslı minatəmizləmə fəaliyyəti haqqındadır: "Eyni zamanda mina nəticəsində zərər çəkən şəxslərin taleyi və əlbəttə ki, dünyada baş verən bu problemlə bağlı hadisələr filmin əsas mövzusudur".

Sədr qeyd edib ki, filmdə Azərbaycanla yanaşı Bosniya və Herseqovina, Laos və Kolumbiyada mina ilə bağlı baş verən problemlər öz əksini tapıb: "Biz çox çalışmışıq ki, bu filmdə beynəlxalq komanda ilə birlikdə minatəmizləmə fəaliyyətində Azərbaycanın gördüyü işləri obyektiv şəkildə ictimaiyyətə təqdim edək. Eyni zamanda bizim ölkəmiz və bütün dünya qarşısında duran çağırışlara da toxunmuşuq ki, bu mövzu beynəlxalq auditoriya arasında öz aktuallığını itirməsin"