Avqustun 6-da Bakıda Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardım (ODA) proqramı çərçivəsində "Yaponiyanın kiçik və orta həcmli şirkətlərinin məhsullarının təminatı" üçün qeyri-layihə qrant yardımı xətti üzrə mübadilə olunacaq nota və digər müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.

Mübadilə olunacaq notaları və müvafiq sənədləri Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Azərbaycan tərəfindən isə kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıb.

Səfir T.Takahaşi bildirib ki, qeyri-layihə üzrə qrant yardımı xəttinin əsas məqsədi Yaponiyanın kiçik və orta həcmli müəssisələrinin səmərəli və istifadəsi rahat olan texnologiyalarından istifadə edərək inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına yardım göstərməkdir.

Qeyd edək ki, hazırkı layihə üçün Yaponiya Hökumətinin ayırdığı qrantın məbləği 909 min dollardır (təxminən 100 milyon yapon yeni).

Kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, imzalanan sənəd Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında yeni mərhələdir.O deyib ki, “Kənd təsərrüfatı ili” çərçivəsində imzalanan bu sənəd aqrar sektorda texnika parkının yenilənməsində, insan resurslarının inkişafında, müasir texnologiyalardan istifadə edərək bacarıqların artırılmasında müstəsna rol oynayacaq.

SEVİL