BAKI, 27 iyul. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 55%-i ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Bildirilir ki, bu göstərici son beş ilin eyni dövrü ilə müqayisədə ən aşağı səviyyədədir.

İyulun əvvəlindən bəri Avropada yeraltı qaz anbarlarına vurulan qazın həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19% azdır və son altı ilin minimum səviyyəsindədir.

Hazırda Avropanın yeraltı qaz anbarları cəmi 55,35% doludur və anbarlarda təxminən 60,5 milyard kubmetr qaz mövcuddur. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 milyard kubmetr azdır.

Mövcud dinamika davam edərsə, Avropa payız-qış mövsümünün ənənəvi başlanğıcına qədər anbarlarını cəmi 70-75% səviyyəsində doldura biləcək. Bu isə istilik mövsümünün başlanğıcı üçün tarixi minimum göstərici olacaq.

Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il dekabrın 1-nə qədər yeraltı qaz anbarlarını 90% doldurmalıdır. Çətin doldurma şəraitində 10%-lik elastiklik tətbiq oluna bilər.

Beləliklə, 2026-2027-ci illərin payız-qış mövsümünün başlanğıcınadək normanı yerinə yetirmək üçün Avropa ölkələri anbarlara azı 68 milyard kubmetr həcmində qaz vurmalıdırlar. Hazırkı vəziyyətdə isə qarşıdakı qış üçün tələb olunan həcmin cəmi 44%-i anbarlara vurulub.