BAKI, 25 iyul. TELEQRAF
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında yaranan problem səbəbindən Bakı-Tbilisi qatarının hərəkətində gecikmə baş verib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, iyulun 24-də və 25-də yerli vaxtla saat 08:00 radələrində Gürcüstanda elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb. Nasazlıq paytaxt Tbilisi ilə yanaşı, ölkənin bir sıra regionlarını da əhatə edib. Elektrik enerjisinin verilişində yaranan genişmiqyaslı fasiləyə səbəb 500 kilovoltluq "İmereti" elektrik ötürmə xəttinin sıradan çıxması olub. Hadisə səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyətində də fasilələr yaranmışdı. Hazırda onların işi bərpa olunub.