BAKI, 28 oktyabr. TELEQRAF

Bu foruma gəlmək, burada iştirak edən insanları və onların fəaliyyətini görmək bir daha sübut edir ki, dinlərarası dialoq məsələsi öz aktuallığını itirmir, əksinə, dünyada ona ehtiyac daha da artır.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratino VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı paneldə deyib.

"Mən həmişə qeyd edirəm ki, dinlərarası dialoq müasir dünyanın ən mühüm istiqamətlərindən biridir. Müxtəlif dinlər, inanclar və dünyagörüşləri arasındakı fərqləri daha yaxşı anlamaq üçün birlikdə çalışmalıyıq. Məqsədimiz fərqliliklərə baxmayaraq, bizi birləşdirən ortaq dəyərləri müəyyənləşdirməkdir.

Məhz bu səbəbdən tədbirimizə yalnız dini liderləri deyil, həm də bu dialoqa öz töhfəsini verə biləcək müxtəlif şəxsləri dəvət etmişik. İstəyirik ki, sülhün, harmoniyanın və yaradıcılığın təşviqində dinin rolu ətrafında fikir mübadiləsi aparılsın.

Eyni zamanda, dinin cəmiyyətdəki həqiqi yerini də müzakirə etməliyik. Dünyəvi yanaşma ilə dini dəyərlər arasında münasibətlər necə qurulmalıdır? Din nümayəndələrinin cəmiyyət qarşısında hansı rolu və məsuliyyəti var? Bu sualların cavablandırılması vacibdir. Çünki dinlərarası dialoqun əsas məqsədi insanları bir-birindən uzaqlaşdırmaq deyil, onları yaxınlaşdırmaqdır", - deyə BMT rəsmisi əlavə edib.