BAKI, 28 oktyabr. TELEQRAF

“Maraqlar toqquşması haqqında” qanun layihəsində vəzifəli şəxslərin reklam fəaliyyəti ilə məşğul olmasına dair qadağa nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, vəzifəli şəxslərin reklamla məşğul olması, eləcə də şəxsi maraq və ya hər hansı haqq müqabilində sahibkarın, onun istehsal və ya idxal etdiyi malın, gördüyü işin və göstərdiyi xidmətin lehinə münasibət bildirməsi yolverilməz hesab edilir.

Bu müddəa vəzifəli şəxslərin tutduqları vəzifədən və ictimai nüfuzlarından istifadə etməklə müəyyən kommersiya subyektlərinə şəxsi maraqları naminə üstünlük qazandırmasının qarşısını almağa yönəlib.

Layihənin digər müddəalarında da vəzifəli şəxslərin statuslarından, təmsil etdikləri qurumun imkanlarından və xidməti səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə etməsinə məhdudiyyətlər müəyyənləşdirilir.

Təklif olunan qaydaların qəbul ediləcəyi təqdirdə, vəzifəli şəxslərin kommersiya maraqları ilə xidməti fəaliyyətləri arasındakı sərhədlərin daha aydın müəyyənləşdirilməsi nəzərdə tutulur.