BAKI, 28 oktyabr. TELEQRAF
“Maraqlar toqquşması haqqında” qanun layihəsində qurumların qəbul etdiyi ianələrlə bağlı ictimai hesabatlılıq mexanizmi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, qurumlar hər il yanvarın 15-dək əvvəlki il ərzində qəbul edilmiş ianələrin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verməlidirlər.
Sənəddə ianələrin qəbulu ilə bağlı digər məhdudiyyətlər də müəyyənləşdirilir. Belə ki, ianə hesabına qurumun işçilərinə məvacib, mükafat, başqa formada ödəniş və ya hədiyyə verilməsi nəzərdə tutulmur.
Bundan başqa, qurumun ianə ediləcək fəaliyyət sahəsi üzrə çalışan işçilərinin ianə verən şəxslə münasibətlərin qurulmasında, danışıqlarda və müzakirələrdə iştirak etməməsi təklif olunur.
Layihənin 11.1-ci maddəsi qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar ianələrin istənilməsi, tələb edilməsi və alınmasına ümumi məhdudiyyət qoyur. Bununla yanaşı, qanunda müəyyən istisnalar da nəzərdə tutulur.
Təklif olunan hesabatlılıq qaydalarının ianələrin mənbələri və məbləğləri barədə ictimai məlumatlılığın artırılmasına xidmət etməsi gözlənilir.