BAKI, 28 oktyabr. TELEQRAF
“Maraqlar toqquşması haqqında” qanun layihəsində dövlət və digər müvafiq qurumlarda vəzifəyə namizədlərin mövcud məhdudiyyətlərə əməl edib-etməməsinin yoxlanılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, Milli Məclisdə müzakirəyə qanun layihəsinə əsasən, qurumun maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi və ya şəxsi namizəd vəzifəyə təyin edilməzdən əvvəl onun qanunla nəzərdə tutulmuş məhdudiyyət və qadağalara riayət edib-etməməsini iki ay müddətində yoxlayır.
Yoxlamanın nəticələri barədə qurumun rəhbərinə yazılı rəy təqdim edilməsi təklif olunur.
Sənədə görə, yoxlama zamanı səlahiyyətli struktur bölmə digər qurumlara və hüquqi şəxslərə sorğular göndərə, namizəddən müvafiq sənədlər və məlumatlar tələb edə bilər.
Bu mexanizmin vəzifəyə təyin edilməzdən əvvəl mümkün maraqlar toqquşması risklərinin müəyyənləşdirilməsinə və gələcəkdə yarana biləcək hüquqi problemlərin qarşısının alınmasına xidmət etməsi nəzərdə tutulur.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, yoxlamaların tətbiqi müvafiq qanunvericilik və müəyyən ediləcək prosedurlar çərçivəsində həyata keçiriləcək.