BAKI, 28 oktyabr. TELEQRAF

Bakı qlobal dialoqun mərkəzi, Azərbaycan bu prosesin lokomotividir.

Teleqraf xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalislərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

"Bu gün dünyada qlobal dialoq dedikdə ilk ağıla gələn şəhər məhz Bakıdır. Müasir dünyada Azərbaycan və Bakı dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mərkəzi hesab olunur", - deyə G.İsmayıliv əlavə edib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, 1990-cı illərdə dinlərarası və mədəniyyətlərarası dialoq prosesində əsasən fəal iştirakçı kimi çıxış edib: "Son 20 ildə ölkə bu proseslərin fəal iştirakçısından əsas təşkilatçılarından birinə çevrilib.

İqtisadi müzakirələr dedikdə Davos, hərbi əməkdaşlıq dedikdə NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel yada düşdüyü kimi, dinlərarası və mədəniyyətlərarası dialoq dedikdə bu gün ilk ağıla gələn ölkə Azərbaycan, şəhər isə Bakıdır".

Gündüz İsmayılovun sözlərinə görə, Azərbaycan bu sahədə mühüm mövqeyə sahibdir və ölkənin rəyi, mövqeyi beynəlxalq dialoq proseslərində əhəmiyyətli rol oynayır.