BAKI, 28 oktyabr. TELEQRAF
“Maraqlar toqquşması haqqında” qanun layihəsində vəzifəli şəxslərin xidməti məlumatlardan və dövlət əmlakından istifadə qaydaları ayrıca tənzimlənir.
Teleqraf xəbər verir ki, layihəyə əsasən, vəzifəli şəxslər xidməti funksiyalarının icrası ilə bağlı əldə etdikləri məlumatlardan, o cümlədən qanunla qorunan sirlərdən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edə bilməzlər.
Bu qadağanın vəzifəli şəxsin işlədiyi müddətlə məhdudlaşmaması, səlahiyyətlərinə xitam verildikdən sonra da tətbiq olunması təklif edilir.
Sənədin 16-cı maddəsində isə dövlət və bələdiyyə əmlakından istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur. Təklifə görə, vəzifəli şəxslər maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları və xidməti vəzifələri ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər.
Layihənin 6.5-ci maddəsi ilə vəzifəli şəxslərin xidməti fəaliyyət zamanı əldə etdikləri ictimaiyyətə açıqlanmayan məlumatlardan istifadə etməklə qiymətli kağızlar almasına, satmasına və ya digər formada ticarət aparmasına da məhdudiyyət qoyulur.
Bu müddəalar xidməti məlumatların və dövlət resurslarının şəxsi qazanc əldə etmək məqsədilə istifadəsinin qarşısının alınmasına yönəlib.