BAKI, 5 oktyabr. TELEQRAF

Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsi fəaliyyətə başladı. İlkin məlumatlara əsasən müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsuldur. Layihəyə 113,9 milyon manat investisiya qoyulub və zavodda 178 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, 2023-cü ilin dekabrında təməli qoyulan müəssisədə 5 il ərzində 500-dən çox preparatın istehsalının lokallaşdırılması planlaşdırılır.

Hansı istiqamətlər üzrə dərmanlar istehsal ediləcək?

Zavodda kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər istiqamətlər üzrə dərman preparatları istehsal olunacaq. İstehsalda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlardan istifadə ediləcək.

Ölkədə dərman istehsalı artıb

Son dövrlərdə həyata keçirilən investisiya siyasəti və yeni istehsal müəssisələrinin açılışı nəticəsində ölkənin əczaçılıq sənayesində artım qeydə alınıb. Rəsmi statistika göstərir ki, Azərbaycanda yerli əczaçılıq bazarı sürətlə böyüyür. 2026-cı ilin yanvar-avqust aylarında 25,7 milyon manatlıq farmasevtik məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4% çoxdur. Sırf dərman preparatlarının istehsalı 16,3 milyon manata çataraq illik müqayisədə 59% yüksəlib.

İdxaldan asılılıq azalacaq

Azərbaycan dərman preparatlarına olan tələbatının təxminən 95%-ni idxal hesabına təmin edir. Gömrük statistikasına əsasən, dərman vasitələrinin 20%-dən çoxu Türkiyədən idxal edilir. Rusiya, Avropa ölkələri və Ukrayna da əsas tədarükçülər sırasındadır. Bir sözlə, ölkənin əczaçılıq bazarı xarici istehsalçılardan və qlobal logistik zəncirlərdən ciddi şəkildə asılıdır. Təkcə 2025-ci il ərzində ölkəyə 527,2 milyon dollar həcmində (təxminən 196 milyon qutu) əczaçılıq məhsulu idxal edilib. 2026-cı ilin ilk 8 ayında isə idxalın dəyəri 342,8 milyon dollar təşkil edib. Bazar araşdırmaları göstərir ki, xarici bazarlardakı qiymət artımları və logistika xərclər birbaşa Azərbaycan bazarına təsir edir. Məsələn, 2026-cı ilin ilk yarısında idxalın fiziki həcmi azalsa da, dərmanların bir tonunun idxal dəyəri 25,8 min dollardan 36,3 min dollara yüksəlib. Dövlət tərəfindən həyata keçirilən investisiya siyasəti həm də bu asılılığı mərhələli şəkildə azaltmağa yönəlib. İdxaldan asılılığın azalması qiymətlərin sabit qalmasına, bəzi hallarda isə ucuzlaşmasına şərait yaradacaq. Vətəndaşlar dərmanlarını vaxtında və daha əlçatan şəkildə əldə edə biləcəklər. Bundan başqa, istehsalın ölkə daxilində qurulması dərmanların keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti gücləndirəcək.

Azərbaycanda üçüncü dərman zavodu

"Gen Pharma Caucasus Manufacturing Operations" "Diamed Development Group" ("Diamed Pharma" ölkədə və Cənubi Qafqazda ilk venadaxili dərman məhlulları istehsal edən zavoddur) və "Scandens Pharmaceutical Industries Ltd" MMC-lərdən sonra Azərbaycanda dərman istehsal edən üçüncü müəssisədir. Layihə çərçivəsində daxili tələbatın maksimum səviyyədə qarşılanması nəzərdə tutulur. Beləliklə, yeni zavodun fəaliyyətə başlaması təkcə əhalinin əsas dərman vasitələrinə çıxışı xeyli asanlaşacaq.

Yeri gəlmişkən, zavodda istehsal edilən məhsulların xaricə satışı planlaşdırılır. İxrac bazarları kimi Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələr seçilib. Bu, Azərbaycanın əczaçılıq məhsullarının beynəlxalq bazarda mövqeyini möhkəmləndirəcək, satış həcmini artıracaq və regional iqtisadi əməkdaşlığa töhfə verəcək.

Gəlirli biznes

2026-cı ilin ilk yarısında ölkədə apteklər vasitəsilə 912.7 milyon manatlıq əczaçılıq məhsulu satılıb və bu rəqəm ildən-ilə artır. Ümumiyyətlə, insan sağlamlığı hər zaman prioritet olduğundan, digər sektorlardan fərqli olaraq dərmana olan tələb heç vaxt azalmır. Bu səbəbdən də əczaçılıq sənayesi qlobal miqyasda və Azərbaycanda ən gəlirli, dayanıqlı və strateji biznes sahələrindən biri hesab olunur. Tibbi məhsullara olan tələbatın daimi olması həm də biznesi iqtisadi böhranlara qarşı dözümlü edir.

Layihənin payçıları və dəyəri

Əczaçılıq zavodunun fəaliyyətinin təmin edilməsi kifayət qədər bahalı, yüksək texnoloji və böyük kapital tələb edən strateji layihədir. Əbəs deyil ki, “Gen Pharma Caucasus Manufacturing Operations” MMC 113,9 milyon manata başa gəlib. Layihənin maliyyələşdirilməsinə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 13,2 milyon manat investisiya qoyulub.10 milyon manat güzəştli kredit ayrılıb. Sərmayənin yerdə qalan hissəsi isə özəl investisiyalara aiddir. Qeyd edək ki, müəssisənin payçıları Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” (66%), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu - ABİF (29%) və "SİA Pharmaceuticals"dır (5%). Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad edilib

Onu da bildirək ki, müəssisə 17 000 m² sahəni əhatə edir. Ərazidə eləcə də 2 500 palet tutumuna malik müasir anbar kompleksi var. Layihə gələcəkdə üç əlavə istehsal sahəsinin genişləndirilməsi potensialı nəzərə alınaraq dizayn edilib. "Gen Pharma Caucasus" zavodu ciddi ekoloji standartlara uyğun layihələndirilib. Enerji baxımından effektiv texnologiyaların və emissiyaları minimuma endirən sistemlərin tətbiqi ətraf mühitə təsirin azaldılmasını təmin edəcək.