BAKI, 23 noyabr. TELEQRAF

Azərbaycan-İtaliya arasında mövcud olan sıx əlaqələri nəzərə alaraq investisiya əməkdaşlığın genişləndirilməsi və İtaliya şirkətlərinin Azərbaycandakı layihələrdə iştirakı üçün böyük potensial görürük.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda birgə müəssisələrin yaradılması, istehsal müəssisələrinin qurulması, qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutan innovativ və perspektivli təşəbbüslər böyük maraqla qarşılanır:

“Mən İtaliyanın SACE agentliyi və CDP bankı ilə əməkdaşlığımızın da xüsusi əhəmiyyətini vurğulamaq istərdim. Bu tərəfdaşlıq həm İtaliya, həm də Azərbaycan biznes dairəsinin təşəbbüslərinə hökumət səviyyəsində dəstəyin göstərilməsi üçün möhkəm zəmin yaradır. Eyni zamanda əməkdaşlığımızın İtaliya şirkətlərinin Azərbaycana investisiya yatırmaq marağını artıracağına və yeni investisiya layihələrinin həyata keçirilməsinə təkan verəcəyinə inanırıq”.