BAKI, 23 noyabr. TELEQRAF

Azərbaycan ilə əməkdaşlığı genişləndirərək yeni sektorları və sənaye sahələrini əhatə etməyi planlayırıq.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya Sənaye Konfederasiyasının (CONFINDUSTRIA) Kiçik Sənaye bölməsinin vitse-prezidenti Fausto Mazzali Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, forumda iştirak edən İtaliya sahibkarlarının yarıdan çoxu kiçik və orta biznes nümayəndələridir:

"Bu da ölkəmizin Azərbaycana təklif edə biləcəyi imkan və səriştələrin genişliyini konkret şəkildə nümayiş etdirir.

Azərbaycan və İtaliya arasında institusional əlaqələrin gücləndirilməsi işgüzar dairələrin prosesə birbaşa cəlb olunması ilə müşayiət edilməlidir.

Məqsədimiz mövcud yaxınlığı yeni sənaye tərəfdaşlıqlarına, investisiyalara və konkret layihələrə çevirməkdir.
Bu prosesdə İtaliya şirkətlərinin istifadəsində olan maliyyə və sığorta dəstəyi mexanizmləri də mühüm rol oynayır. “Cassa Depositi e Prestiti”, “SACE” və “SIMEST” qurumlarının töhfəsi nəticəsində şirkətlərin beynəlxalq bazarlara çıxış prosesini müşayiət etmək, investisiyaları dəstəkləmək, kredit əldə etmək imkanlarını asanlaşdırmaq olar".