Prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində sentyabrın 18-də İsmayıllı şəhərində, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti əməkdaşlığı” adlı işgüzar konfrans keçirilib.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Konfransda Ağsu, Göyçay, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Ucar və Şamaxı rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılmış abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin əsas məqsədi müasir informasiya mühitində dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyaya qarşı mübarizə istiqamətində mövcud yanaşmaların müzakirəsi, habelə qarşılıqlı təcrübə mübadiləsi aparılmaqla bu sahədə yeni və səmərəli əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub.

Konfransda çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev dövlət qurumlarının media və ictimaiyyətlə münasibətlərində açıqlıq, çeviklik və etibarlılıq prinsiplərinin əhəmiyyətindən danışıb. O, cəmiyyətin dövlət qurumlarının fəaliyyəti barədə dolğun və obyektiv məlumatlandırılmasının ictimai etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov regionda dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və əhalinin sosial proseslər barədə məlumatlandırılmasında qarşılıqlı fəaliyyətin əhəmiyyətinə toxunub.

İsmayıllı rayon prokuroru Tural Yusifov rayon prokurorluğu tərəfindən hüquqi maarifləndirmə və ictimaiyyətlə əlaqələr istiqamətində görülən işlər, vətəndaşların müraciətlərinə baxılması və prokurorluğun fəaliyyəti barədə məlumatların media vasitəsilə düzgün çatdırılması məsələlərindən danışıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov müasir informasiya mühitində dövlət qurumları, media və vətəndaş cəmiyyəti arasında səmərəli kommunikasiyanın qurulması, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin qorunması və dezinformasiyaya qarşı mübarizədə birgə yanaşmaların əhəmiyyəti barədə çıxış edib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov informasiya təhlükəsizliyi məsələlərinə, xüsusilə həssas məlumatların yayılması zamanı məsuliyyətli yanaşmanın vacibliyinə toxunub. O, dövlət qurumlarının rəsmi informasiya resurslarının etibarlı məlumat mənbəyi kimi rolundan və media ilə qarşılıqlı fəaliyyətin bu istiqamətdə əhəmiyyətindən danışıb.

Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov ictimai institutların sosial proseslərdə iştirakı, dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin inkişaf etdirilməsi məsələlərini diqqətə çatdırıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli sosial medianın informasiya mühitinə təsiri, məlumatların yayılmasında peşəkar və məsuliyyətli yanaşmanın əhəmiyyəti barədə danışıb. O, məlumatların yoxlanılması, media savadlılığının artırılması və saxta məlumatların yayılmasının qarşısının alınmasında sosial media istifadəçilərinin məsuliyyətinə toxunub.

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xudiyev dövlət qurumları, media və cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, ictimai həmrəyliyin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və müxtəlif nəsillər arasında sağlam ünsiyyətin formalaşdırılmasında belə tədbirlərin rolundan danışıb.