BAKI, 11 sentyabr. TELEQRAF
Sentyabrın 1-nə Azərbaycanda uçotda olan 1 milyon 722 min 227 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vegi Xidmətindən Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 5,8 faiz artıb.
Sentyabrın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 212 668 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz çoxdur.
2026-cı ilin avqustunda 1114 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 85,4 faizi yerli investisiyalı, 14,6 faizi isə xarici investisiyalı müəssisələrdir.
Kommersiya qurumlarının 79,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – avqust aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.
2026-cı ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.