BAKI, 12 avqust. TELEQRAF
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və dayanıqlı qayıdışı qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə davam etdirilir.
Teleqraf xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Böyük Qayıdış prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialara münasibətində deyilir.
Məskunlaşdırma prosesinin yalnız yaşayış məntəqələri tam hazır olduqdan sonra və müəyyən edilmiş hüquqi meyarlar əsasında həyata keçirildiyi bildirilib.
Bununla belə, Böyük Qayıdışın təşkili zamanı şəxsi maraq və tələbləri mövcud qanunvericilik çərçivəsində yerinə yetirilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edir, cəmiyyətdə Böyük Qayıdış prosesinin gedişinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və onun əməkdaşlarının nüfuzuna xələl gətirən yanlış fikirlər formalaşdırmağa cəhd göstərirlər.
Belə ki, sosial şəbəkələrdə müxtəlif iddialarla çıxış edən Nuranə Abdullayeva vəfat etmiş atasına vaxtilə Ağdam şəhərində məxsus olmuş yaşayış evinin əvəzinə həmin şəhərdə yeni tikilən binalarda mənzil verilməsini, eyni zamanda müxtəlif sosial media paylaşımlarında Ağdamda yaşayış sahəsi ayrılmadığı təqdirdə Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını tələb edib.
Müraciətlə bağlı aparılmış araşdırma zamanı onun məcburi köçkün statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilib, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın mövcud olmadığı dəfələrlə izah edilib. Buna baxmayaraq, bu hüquqi əsaslar sonradan yayılan video müraciətlərdə və sosial media paylaşımlarında əks etdirilməyib, məsələ əsasən emosional müstəvidə təqdim olunub.
Monitorinq materialları göstərir ki, müxtəlif video materiallar "Kanal 15 TV" loqosu ilə şəxsi sosial media hesablarında paylaşılıb, Dövlət Komitəsinin rəsmi mövqeyi öyrənilmədən və ya təqdim edilmədən ictimailəşdirilib. Nəticədə ictimaiyyətə hadisələrin yalnız bir tərəfin mövqeyi təqdim olunub, müraciət üzrə aparılmış araşdırmalar, verilmiş rəsmi izahatlar və qanunvericiliklə müəyyən edilmiş hüquqi meyarlar barədə məlumatlar əks etdirilməyib.
Böyük Qayıdış prosesinə kölgə salmağa yönəlmiş ardıcıl və məqsədyönlü fəaliyyət aparan şəxslərdən biri də İntiqam Türbəndəyevdir. Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkün Türbəndəyev İntiqam Elman oğlu sosial şəbəkə hesablarından birində Xanyurdu kəndində köçürülməsi ilə bağlı Komitəyə müraciət etdiyi barədə paylaşım edib.
Bildiririk ki, İ.Türbəndəyev paylaşım etməzdən əvvəl Komitənin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edilib və onun Xanyurdu kəndinə ailə tərkibinə uyğun 3 otaqdan ibarət fərdi evə köçürüləcəyi bildirilib. Lakin müraciət müəllifi qeyd olunanlarla razılaşmayıb, yaşayış sahələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri və müəyyən edilmiş meyarlar nəzərə alınmadan Xanyurdu kəndində özünün seçdiyi 5 otaqdan ibarət evin ona verilməsini israrla tələb edib.
Özlərinin əsassız tələbləri ilə bağlı Komitə rəhbərliyi tərəfindən qəbul olunmalarına, müraciət etdikləri məsələlərə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağının bildirilməsinə baxmayaraq, sonradan onlar tərəfindən sosial şəbəkələrdə edilən paylaşımlarda səsləndirilən böhtan xarakterli qərəzli fikirlər ictimaiyyət arasında çaşqınlıq yaratmaqla təkcə dövlət qurumunun fəaliyyətinə deyil, həm də Böyük Qayıdış proqramına da kölgə salmağa yönəlib.
Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz. Dövlət orqanlarının fəaliyyəti ilə bağlı məlumatların yayılması zamanı rəsmi mövqeyin öyrənilməsi, faktların tam və obyektiv təqdim olunması cəmiyyətin düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda xatırladırıq ki, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması, rəsmi mövqenin bilərəkdən təhrif edilməsi, böhtan və işgüzar nüfuza xələl gətirən iddiaların ictimailəşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məsuliyyət yarada bilər.