BAKI, 12 avqust. TELEQRAF

"Prezident İlham Əliyev Naxçıvana səfər əsnasında bir çox mühüm obyektlərin açılışında iştirak etdi, müsahibəsində də çox vacib məqamlara toxundu".

Bunu Teleqraf-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün Naxçıvan özünün yeni bir inkişaf mərhələsinə daxil olub.

“Cənab Prezidentin iştirakı ilə burada günəş elektrik şəbəkəsinin qurulmasının, iqtisadi zonanın, sənaye parkının yaradılmasının, otelin tikilməsi, avtobusların istifadəyə verilməsi, dəmir yol ilə bağlı bir çox mühüm layihələrin icrasının şahidi olduq. Bu bir daha göstərir ki, Cənab Prezident Qarabağda keçirilən abadlıq və quruculuq işləri ilə yanaşı, Naxçıvanın da inkişafına xüsusi önəm və diqqət ayırır. Bu gün Naxçıvan inkişaf edir”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu gün əsas hədəf və məqsədlərdən biri də Naxçıvanın bir iqtisadi qovşağa çevrilməsidir:

“Burada dəmir yolunun çəkilməsi, İrana yüklərin daşınması, hətta Pakistan məsələsini də cənab Prezident qeyd etdi. Naxçıvan təəssüf ki, uzun müddətdir blokadadır. Amma cənab Prezidentin də qeyd etdiyi kimi artıq bu blokadaya son verilməsi planlaşdırılır.

Artıq Zəngəzur dəhlizi işə düşəcək. Cənab Prezidentlə Amerika Birləşmiş Ştatları Prezidentinin telefon danışığında bir çox vacib məsələlər ətrafında geniş müzakirələr, polemikalar aparıldı. Biz deyə bilərik ki, Naxçıvanın da sürətli formada inkişaf etdiyinin şahidiyik. Cənab Prezidentin qeyd etdiyi kimi kompleks bir yanaşma var. Avtobusların verilməsi, yolların çəkilməsi, xüsusi idarəetmə modelinin yaradılması, bütün bunlar dövlət başçısının prinsipial, qətiyyətli mövqeyinin və siyasətinin nəticəsidir. Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan daha da inkişaf edəcək və iqtisadi əlaqələri genişlənəcək. Cənab Prezidentin xüsusi qeyd etdiyi vacib məsələlərdən biri də burada yeni iş yerlərinin yaradılmasıdır”.

Deputatın sözlərinə görə, bu səfər göstərir ki, Azərbaycanın bütün bölgələrinin inkişafına diqqət, qayğı və xüsusi bir siyasət var:

"Bu gün biz cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin inkişaf etdiyinin şahidiyik. Bu da onu deməyə əsas verir ki, Azərbaycan inkişaf edir. Azərbaycan günü-gündən özünün imkanlarını, gücünü daha da artırır”.