BAKI, 12 avqust. TELEQRAF

Ukrayna millisinin sabiq baş məşqçisi Yojef Sabo UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” və Kiyev “Dinamo”su arasında keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, Sabo yerli mediaya açıqlamasında “Dinamo”nun mərhələni keçəcəyinə inanmadığını bildirib.

"Bizimkilər uduzacaq. Bu, nə qədər təəssüf doğursa da, buna demək olar ki, əminəm. “Qarabağ” obyektiv olaraq daha güclüdür. Onlar evdə, Bakıda oynayacaqlar. İlk oyun göstərdi ki, “Qarabağ” cavab qarşılaşmasını düşünərək sanki səfərdə oynayırdı. Onlar topa yaxşı nəzarət edirdilər", — deyə o vurğulayıb.

Sabiq baş məşqçi əlavə edib ki, Kiyev təmsilçisi hazırda lazımi anda toparlanaraq istənilən rəqibə qalib gələ biləcək səviyyədə deyil.