BAKI, 12 avqust. TELEQRAF

“Rusiya 2012-ci ildə başladığı Gürcüstanın məhv edilməsi prosesini sona çatdırmağa çalışır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Gürcü Arzusu”nun tərəfdarları müharibə ilə bağlı eyni mesajı yayırlar: guya ruslar istədikləri əraziləri götürüblər və bütün məqsədlərinə nail oldular. Bu axmaqların sözlərindən belə çıxır ki, yəni Rusiyanın bütün gücü ilə hücuma keçməsi və öz reputasiyasını bu şəkildə məhv etməsi Axalqori və Kodori ətrafındakı bir neçə kəndi işğal etməyə xidmət edirmiş? Əslində, rusların məqsədi təkcə mənim hökumətimi devirmək deyildi. Gürcüstanın uğurlu inkişafını dayandırmaq, ölkəni Qərbdən uzaqlaşdırmaq, Tbilisini ələ keçirmək və Lavrovun Kondoliza Raysla söhbətində dediyi kimi, “Gürcüstanı tamamilə məhv etmək” istəyirdilər”, - sabiq prezident bildirib.

Mixeil Saakaşvili onun hakimiyyəti dönəmində Rusiyanın Gürcüstanla bağlı məqsədlərinə nail ola bilmədiyini qeyd edib:

“2012-ci ilədək bunların heç birini həyata keçirə bilmədilər. Amma 2012-ci ildə başladıqları Gürcüstanın məhv edilməsi prosesini sona çatdırmağa indi çalışırlar. Biz isə ölkənin vətənpərvərləri olaraq hər vasitə ilə buna qarşı çıxırıq”.