BAKI, 16 iyun. TELEQRAF
Azərbaycan “Orta Dəhliz” boyunca yerləşən milli mövqeyi ilə strateji əhəmiyyət daşıyır. İnvestorlara sabitlik və təminat vermək məqsədilə xüsusi konstitusion hüquqi çərçivə yaradılıb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Azerbaijan Investment Outlook Forum 2026” adlı tədbir çərçivəsində deyib.
O qeyd edib ki, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına xüsusi diqqət yetirilir:
“Bu ərazilərin bərpası və məcburi köçkünlərin geri qayıdışı milli prioritetlərdən biridir. İslam İnkişaf Bankı da daxil olmaqla beynəlxalq tərəfdaşların bu prosesdə uzun illərdir dəstəyi xüsusi qiymətləndirilir.
Azərbaycanın investisiya perspektivləri üç strateji üstünlük üzərində qurulur: biznes əlaqəliliyi, yaşıl enerji və rəqəmsal inkişaf.
Beynəlxalq nəqliyyat dəhlizlərinin əsas mərkəzlərindən biri kimi Azərbaycan Şərq–Qərb əlaqələrində, xüsusilə Orta Dəhliz boyunca rolunu gücləndirir. Bu, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri üçün təbii çıxış nöqtəsi rolunu da artırır”.
Nazir əlavə edib ki, strategiyanın mühüm hissələrindən biri “Zəngəzur dəhlizi”dir:
“Bu da Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqəni gücləndirəcək və ölkənin Avropa ilə Asiya arasında regional logistika mərkəzi rolunu möhkəmləndirəcək.
Eyni zamanda bərpa olunan enerji gələcək investisiyalar üçün ən mühüm sahələrdən birinə çevrilib. Azərbaycan beynəlxalq və yerli investorlarla birlikdə Qara dəniz və Xəzər yaşıl enerji layihələrini inkişaf etdirir və Avropa bazarları ilə yaşıl enerji əlaqələrini gücləndirir”.