ŞUŞA, 13 iyun. TELEQRAF
Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Türk Dövlətləri Təşkilatı (TDT) daxilində ortaq rəqabət məcəlləsinin və ya vahid prinsiplərin formalaşdırılması nəzərdə tutulurmu?
– İnkişaf və davamlı iqtisadi artım üçün rəqabət hüququ bütün coğrafiyamızda geniş şəkildə tətbiq olunmalıdır. Hesab edirəm ki, ortaq rəqabət məcəlləsi birgə əməkdaşlığımızın təbii nəticəsi olaraq öz-özünə formalaşacaq. Biz nə qədər səmərəli əməkdaşlıq etsək, bu cür ortaq hüquqi sənədlər də bir o qədər tez yaranacaq. Bu istiqamətdə qarşımıza mütləq hədəflər qoymuşuq.
– Türkiyə rəqabət hüququ sahəsində zəngin təcrübəyə malikdir. Digər TDT üzvləri, xüsusilə də Azərbaycanla bu təcrübəni bölüşmək üçün hansı institusional addımlar atılır?
– Biz ölkələrimizin rəqabət qurumlarını iki fərqli orqan kimi görmürük. Özümüzü eyni amal və hədəfə doğru irəliləyən iki qurum, lakin vahid bir məqsəd kimi görürük. Buna görə də bütün əməkdaşlıq istiqamətlərində Türkiyə Rəqabət Qurumunun qapıları qardaş ölkələrin üzünə sonunadək açıqdır. Biz o qapıları heç vaxt bağlamamışıq.
– Orta Dəhliz çərçivəsində regional nəqliyyat və logistika xətlərində inhisarçılığın qarşısını almaq və tariflərin süni şəkildə qaldırılmasına yol verməmək üçün TDT-nin rəqabət qurumları arasında birgə monitorinq mexanizmləri qurulurmu?
– Bu, ilk növbədə aidiyyəti nazirliklərimiz vasitəsilə həyata keçirilən bir prosesdir. Lakin biz də rəqabət orqanları olaraq bu prosesi tam şəkildə dəstəkləyirik və sözügedən sahədə üzərimizə düşən bütün vəzifələri yerinə yetirməyə hazırıq.
– Türk dövlətlərinin rəqabət orqanlarının birgə layihələr və ortaq araşdırmalar aparması ideyası praktikada hansı hüquqi dəyişiklikləri tələb edir?
– Artıq nəzəri müzakirələri kənara qoyub, mütləq şəkildə praktik tətbiqlərə keçməliyik. Bu praktika rəqabət orqanlarının bir araya gələrək ortaq problemlərə ortaq həll yolları tapmasına, gələcəkdə isə hətta birgə təhqiqat və araşdırmaların həyata keçirilməsinə yol açmalıdır. Bunun üçün TDT-yə üzv ölkələrin rəqabət orqanları çiyin-çiyinə fəaliyyət göstərməlidir.
Təbii ki, hər bir coğrafiyanın özünəməxsus daxili şərtləri olduğu üçün hər zaman tam eyni şəkildə işləmək mümkün olmaya bilər. Lakin qloballaşan dünyada və sürətlə inkişaf edən iqtisadiyyatda problemlərimiz eynidir. Bu tendensiya təkcə bizim region üçün deyil, Asiya, Amerika, Avropa, Afrika və Cənubi Amerika üçün də xarakterikdir.
Hazırda bütün bu sadalanan bölgələrdə rəqabət hüququnun tətbiqi ilə bağlı oxşar çətinliklər yaranır. Buna görə də qurumlarımız arasındakı birgə əməkdaşlıq təkcə bizim region üçün deyil, qlobal miqyasda da son dərəcə əhəmiyyətli nəticələr ortaya çıxaracaq potensiala malikdir.