AĞDAŞ, 12 iyun. TELEQRAF
Hazırda ölkədə 50 min hektarda intensiv bağlar mövcuddur. Apardığımız nəticələr onu göstərir ki, intensiv bağlarda olan məhsuldarlıq ənənəvi bağlara nisbətən iki-üç dəfə çoxdur.
Bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirə çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Teleqraf-ın Mərkəzi Aran bürosunun sualına cavab olaraq deyib.
"Bunun nəticəsində biz intensiv bağların 50 min hektardan 70 min hektara qədər çatdırılmasını əsas hədəf kimi qoymuşuq. Burada da məqsəd sertifikatlaşmanı həyata keçirmək, yəni "Global GAP", orqanik sertifikatların əldə olunmasını onlar üçün asanlaşdırmaq və beynəlxalq bazarlara çıxış imkanlarında fermerlərə dəstək verməkdir. Bildiyimiz kimi, ölkə başçısı tərəfindən imzalanan son sərəncamlarda ixraca logistik dəstəyin verilməsi nəzərdə tutulub. Bu da dünya bazarlarına, beynəlxalq bazarlara çıxmaq üçün bizə kifayət qədər imkanlar verəcək", - deyə qeyd edib.