BAKI, 1 may. TELEQRAF

Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən quş kəsim sexində formalaşan tullantı sularının heç bir təmizləyici qurğudan keçmədən torpaq məcralı axar vasitəsilə Xəzər dənizinə axıdılması faktı müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Dövlət Xidmətinin əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Rayon Polis Şöbəsinin, həmçinin Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin və quş kəsim sexinin sahibinin iştirakı ilə aprelin 17-də araşdırma aparılıb.

Faktla bağlı Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən bir neçə nöqtədən suyun fiziki-kimyəvi tərkibinin yoxlanılması məqsədilə nümunələr götürülüb.

Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən kəsim sexində quş əti məhsullarının istehsalı zamanı formalaşan tullantı suların düzgün formada idarə edilməməsi inzibati xəta əlaməti yaratdığından fakt üzrə kəsim sexinin sahibi barəsində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılıb.

Laboratoriyaya təqdim edilmiş su nümunlərinin analiz nəticələrinə əsasən tullantı suların təmizlənmədən Xəzər dənizinə axıdıldığı və tərkibində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən olunaraq quş kəsim sexinin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq qərar qəbul edilib.