BAKI, 1 may. TELEQRAF

Maliyyə Nazirliyi məcburi audit tələblərinə əməl olunması ilə bağlı təsərrüfat subyektlərinə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, “Auditor xidməti haqqında” Qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Nazirlikdən o da bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər və hüquqi şəxslər üçün cərimə nəzərdə tutulur.