BAKI, 30 aprel. TELEQRAF
31 mart 2026-cı il tarixinə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ümumi investisiyalarının həcmi 3 milyard 712 milyon avroya çatıb.
Teleqraf xəbər verir ki, hazırda bankın Azərbaycanda aktiv portfelində 36 layihənin ümumi dəyəri 919 milyon avro həcmindədir.
Bankın Azərbaycanda bu günədək maliyyələşdirdiyi layihələrin sayı 202-yə çatıb. Layihələr üzrə ümumi ödənişlər və verilmiş zəmanətlər 3 milyard 458 milyon avro təşkil edir.
Eyni zamanda, AYİB-in ölkədə əməliyyat aktivlərinin həcmi 716 milyon avroya bərabərdir.
Qeyd edək ki, bankın portfelində özəl sektorun payı 40%-dir. AYİB-in portfeldə kapital payı isə 1%-dir.
Bankın ölkə üzrə portfelinin 90%-i (825 milyon avro) dayanıqlı infrastruktura, 7%-i (63 milyon avro) maliyyə institutlarına, 3%-i (30 milyon avro) isə korporativ sektora investisiyalar təşkil edir.