BAKI, 9 yanvar. TELEQRAF

Dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri bu gün Venesuela neftini müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp və Ağ Evdəki yüksək vəzifəli rəsmilərlə görüşəcək.

Teleqraf xəbər verir ki, Donald Tramp şirkətlərin Venesuelada bütün neft infrastrukturunu yenidən quracağını və bu məqsədlə ən azı 100 milyard dollar vəsait xərcləyəcəyini bildirib.

Mövzu ilə bağlı məlumatlı mənbələrin “Bloomberg” agentliyinə verdiyi açıqlamaya görə, görüşdə iştirak edəcək şirkətlər arasında “Chevron Corp.”, “Exxon Mobil Corp.” və “ConocoPhillips” yer alır. Bəzi mənbələr Venesuelada iri neft yatağında paya sahib olan İspaniyanın “Repsol SA” şirkətinin də toplantıya qatılmağı planlaşdırdığını, Hindistanın “Reliance” şirkətinin isə dəvət olunanlar arasında olduğunu bildirib.

Digər bir mənbənin sözlərinə görə, “Repsol SA” şirkəti Venesuela xam neftinin ixracını yenidən bərpa etmək üçün lisenziya almaq məqsədilə yaxın günlərdə ABŞ rəsmilərinə müraciət edəcək.

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın "Shell" və BP şirkətlərinin Venesuelada aparılan əməliyyatdan sonra bu ölkədəki fəaliyyətlərini bərpa edəcəklərinə dair məlumatlar yayılıb.