BAKI, 16 oktyabr. TELEQRAF

2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 40 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların payına düşəcək.

Teleqraf Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsinə istinadən xəbər verir ki, dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların 2027-ci ildə 42 milyon manat, 2028-ci ildə 44 milyon manat, 2029-cu ildə isə 46 milyon manat proqnozlaşdırılır.

Qeyd edək ki, bu ilin ilk rübündə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 40,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,9 faiz çoxdur. Ümumilikdə isə 2025-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilmə və icarəsindən büdcəyə 50,7 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 faiz çox olub.

Nəzərə çatdıraq ki, dövlət büdcəsi kəsirinin bir hissəsi əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də özəlləşdirmədən daxilolmalar hesabına maliyyələşdiriləcək.