BAKI, 23 aprel. TELEQRAF

Livanlı jurnalist Amal Xəlil İsrailin həyata keçirdiyi aviazərbə nəticəsində həlak olub.

Teleqraf xəbər verir ki, jurnalistin meyiti ölkənin cənubundakı Ət-Tiri bölgəsində dağıntılar altından tapılıb.

Məlumata görə, o, başqa bir jurnalist Zeynəb Fərəc ilə birlikdə həmin ərazidə sığınacaq tapmışdı. Fərəc yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Livanın informasiya naziri Pol Morkos hadisəyə münasibət bildirərək jurnalistlərə qarşı hücumları beynəlxalq humanitar hüququn kobud pozuntusu kimi qiymətləndirib: “Jurnalistlərə hücum dəhşətli cinayətdir və biz buna susmayacağıq. Beynəlxalq ictimaiyyəti və təşkilatları bizi dəstəkləməyə çağırırıq”.

Qeyd edək ki, daha əvvəl İsrail ordusunun Qırmızı Xaç avtomobilinə atəş açdığı və həmin avtomobildə yaralı jurnalistin daşındığı bildirilmişdi.

Bildirək ki, İsrail ordusu 10 günlük atəşkəsə baxmayaraq Livanın cənubuna zərbələr endirməyə davam edir.