BAKI, 22 aprel. TELEQRAF
2025-ci ildə Avropa İttifaqı ölkələrində yaşayan immiqrantların sayı 64,2 milyona çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında qeyd olunur.
İmmiqrantların sayı bir ildə 2,1 milyon artıb. Müqayisə üçün, 2010-cu ildə Avropa Birliyi ölkələrində immiqrantların sayı təxminən 40 milyon olub ki, bu da son 15 ildə 60%-dən çox artım deməkdir. İmmiqrantların Aİ əhalisinin ümumi strukturunda payı hazırda 14,2%-dir.
Ən çox immiqrant Almaniyadadır - 18 milyon nəfər. Ən yüksək artım tempi İspaniyada qeydə alınıb, təkcə 2025-ci ildə burada təxminən 700.000 immiqrant gəlib. Bununla da ölkədə immiqrantların sayı 9,5 milyona çatıb. Fransada (8,5 milyon), İtaliyada (6,4 milyon) və Niderlandda (2,9 milyon) miqrantların sayı artıb.
Bir sıra kiçik ölkələrdə immiqrantların payı xüsusilə yüksəkdir. Lider Lüksemburqdur. Burada əcnəbilər əhalinin yarıdan çoxunu (51,6%) təşkil edir. Malta və Kiprdə immiqrantların payı yüksəkdir.
Almaniya daha çox Suriya və Əfqanıstandan qaçqınları qəbul edir, İspaniya isə əsasən Latın Amerikası ölkələrindən.