BAKI, 23 aprel. TELEQRAF
Ermənistan antirusiya mövqeləri üçün platformaya çevrilməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli televiziyaya müsahibəsində bildirib.
O qeyd edib ki, ölkə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirir və mayın 4-də Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti antirusiya addımı kimi qiymətləndirilməməlidir: “Biz antirusiya platformasına çevrilməyi planlaşdırmırıq. Bu, gündəliyimizdə yoxdur”.
Nazir müavininin sözlərinə görə, Ermənistan bu halda sadəcə qəbul edən tərəf kimi forumun yüksək səviyyədə təşkili ilə bağlı öhdəlik daşıyır.
Diplomat əlavə edib ki, sammitin İrəvanda keçirilməsi siyasi qərardır və bu istiqamətdə 2-3 il ərzində iş aparılıb. Onun fikrincə, tədbirin Ermənistanda təşkili ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişaf dinamikasını əks etdirir.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin ilk sammiti 2022-ci ilin oktyabrında Praqada 44 ölkənin iştirakı ilə keçirilib.