BAKI, 23 aprel. TELEQRAF
ABŞ İranla bağlı Hörmüz boğazında tətbiq edilən dəniz blokadasına görə Avropa ölkələrinin yetərli dəstəyini hiss etmir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt "Fox News" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa tərəfdən əsasən bəyanatlar səslənsə də, real addımlar müşahidə olunmur: “Görək nə olacaq, hazırda avropalılardan çoxlu açıqlamalar eşidirik. Təəssüf ki, kifayət qədər əməli addım görmürük”.
Məlumata görə, daha əvvəl "The Wall Street Journal" nəşri Avropanın ABŞ-nin iştirakı olmadan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmağı planlaşdırdığını yazmışdı.
Bildirilir ki, bu plana əsasən, Avropa hərbi gəmiləri ABŞ komandanlığı altında fəaliyyət göstərməyəcək və təşəbbüs müharibədən sonrakı dövr üçün nəzərdə tutulub.