Ortamüddətli xərclər çərçivəsi, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatları çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan məlumatları əsasında təhsil sektorunda sektor-spesifik risklər təhlil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən təhsil tələbə kredit sistemində müraciətlərin sayında kəskin artım və geri ödənişlərin gecikmə hallarının artması iki əsas risk faktorunu yaradır:

"Birinci halda tələbələrin artan müraciətləri fondun daxili imkanlarının tükənməsinə və dövlət büdcəsindən əlavə vəsait tələb olunmasına gətirib çıxara bilər. İkinci halda isə kreditlərin uzunmüddətli qaytarılma müddəti, məzunların işsizlik səbəbilə əmək bazarına inteqrasiyada çətinlikləri və ya xaricə miqrasiya halları geri ödəmələrin gecikməsinə səbəb ola bilər. Hər iki riskin reallaşma ehtimalı “tam mümkün”, təsirləri isə “çox yüksək” (1-ci risk) və “yüksək” (2-ci risk) dəyərləndirilir. Çünki həm təhsilə çıxış imkanlarının məhdudlaşmasına, həm də dövlət büdcəsinə əlavə maliyyə yükünün yaranmasına gətirə bilər. Mitiqasiya tədbirləri kimi dövlət büdcəsindən əlavə vəsaitin ayrılması, alternativ maliyyə mənbələrinin axtarılması, tələbələrin əmək bazarına inteqrasiyası üçün işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və monitorinq sistemlərinin inkişaf etdirilməsi zəruri hesab edilir."